Azərbaycandan unikal seysmik monitorinq sisteminin hansı üstünlükləri var?

13 May 2022

Bu sistem texniki baxımdan hansı imkanlara qadirdir? Bu sistemin yaradılması Azərbaycanda seysmik monitorinqin aparılmasına necə təsir edir?

2022-ci il üçün Azərbaycan Respublikasının Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunan mövzular sırasında texnika şöbəsində innovativ layihə kimi təqdim olunan mövzulardan biri də AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımovanın müəllifi olduqları, innovativ texnologiyalar əsasında yaradılmış seysmoloji və geodinamik monitorinq sistemi “2006-2021- ci illərin elmi nəşrlər silsiləsi”dir.

“İlk öncə innovativ texnologiyalar əsasında yaradılmış monitorinq sistemi nədir?” sualına aydınlıq gətirək.

Məlumat üçün deyək ki, 2003-cü ildən yaradılan Seysmik Monitorinq Şəbəkəsi üzrə hazırda 62 stansiya işləyir. 22 seysmik stansiya isə yaxın vaxtlarda sistemə qoşulacaq.

Yaradılmış sistemin ən böyük üstünlüyü ondadır ki, bu cihazlar vasitəsi ilə Yerin təkində gedən ən həssas dəyişiklikləri belə qeydə almaq mümkündür və həmin titrəyişlər “real vaxt” rejimində şəbəkəyə ötürülür. Məlumatların emalında ən yüksək dəqiqliyə malik Antlope proqramının ən son versiyaları  tətbiq edilir ki, bu da qısa müddətdə dalğaların yerini, gücünü və vaxtını dəqiq təyin etməyə imkan verir. Həmçinin bu sistemlə bütün dünyanın seysmik mənzərəsini müşahidə etmək mümkündür.

Cihazlar dünyanın bütün ölkələrində olan zəlzələ və təkanlar qeydə alır. Yeraltı partlayışlar və texnogen amillərlə bağlı olan partlayışların da bu sistem vasitəsiylə qeydə alınması mümkündür.

Azərbaycan ərazisində yaradılmış müasir monitorinq sisteminin əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarını aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, seysmotomoqrafik müşahidələr aparılır, su anbarlarının ətrafında geodinamik şərait öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi təqdim edilir. Bu sistem demək olar ki, seysmik cihazların istifadəsi və onlardan alınan məlumatların emalı prosesində ən innovativ sistemdir və texnika sahəsində ölkələrin əldə etdiyi uğurlardan birdir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri kimi inkişaf etmiş bir çox ölkələrdə belə bu sistem yoxdur və hətta bu ölkə tərəfindən belə sistemin qurulması üçün Azərbaycan tərəfə müraciətlər var. Yaxın vaxtlarda qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Bu sistemin qurulmasında əsas məqsəd təkcə texniki baxımdan üstünlük əldə etmək əsas məqsəd deyil. Bu sistem vasitəsilə aparılan tədqiqatların nəticələrinin elmi baxımdan qiymətləndirilməsi aparılır və hər il RSXM alimlərinin beynəlxalq jurnallarda silsilə məqalələri dərc olunur. Həmin məqalələrin bir çoxu Google Schoolar və digər beynəlxalq platformalarında yerləşib. 

Son 20 il ərzində, Azərbaycan seysmoloqlarının xarici ölkələrin mütəxəssisləri ilə geniş əlaqələri yaranmış, ölkəmizdə yeni texnologiyalardan və metodlardan istifadə olunaraq, müasir səviyyədə fundamental tədqiqat işləri aparılmışdır. Belə ki, ilk dəfə olaraq respublika ərazisinin yer qabığının sürət və sıxlıq modelləri qurulmuş, zəlzələlərin ocaq mexanizmləri tərtib olunmuş, palçıq vulkanların kinematik və dinamik parametrləri təyin olunmuşdur. Zəlzələlərlə palçıq vulkanları arasında əlaqə müəyyən edilmiş, neft yataqlarında debitin dəyişməsində zəlzələlərin  rolu müəyyənləşdirilmişdir.

ABŞ mütəxəssisləri ilə birlikdə seysmik tomoqrafiya işləri aparılmış dərinlik qırılmalarının aktiv hissələri və gərgin vəziyyətdə olan sahələr müəyyənləşdirilmişdir. Bundan başqa zəlzələlərin spektral analizləri aparılmış, Mingəçevir və Taxtakörpü su anbarlarının suyun səviyyəsinin dəyişməsinin, ərazinin seysmikliyinə və ekzogen geoloji proseslərinə təsiri öyrənilmiş, Abşeron yarımadasının və Xəzər dənizinin Azərbaycan hissəsinin seysmotektonikası öyrənilmişdir.

Azərbaycan seysmogeodinamik şəbəkəsi regionda ən müasir cihazlarla təchiz edilmiş və real zamanda İKT tədbiqi ilə dünya sisteminə qoşulmuş və digər ölkələrlə birlikdə məlumatların analizinə imkan yaratmışdır. Sistemin nəinki regionda, yaxın Şərq ölkələrində belə analoqu yoxdur.

Seysmik stansiya şəbəkəsinin məlumatları əsasında Azərbaycanda ilk dəfə olaraq palçıq vulkanlarının püskürmələrinin fazaları instrumental olaraq qeydə alınmış, püskürmənin hər fazasının müddəti, dərinliyi və ayrılan enerjinin gücü müəyyən olunmuşdur. Bu da palçıq vulkanlarının zəlzələlərlə genetik əlaqəsinin olduğunu sübut etmiş və onun dinamikasının öyrənilməsinə geniş imkan yaratmışdır.

RSXM-in rəqəmsal stansiyalar tərəfindən qeydə alınmış məlumatlar əsasında həcmi dalğaların inversiyası və ikiqat fərq üsullarının istifadəsi ilə lokal seysmotomoqrafiya kompleks metodunun tətbiqi nəticəsində 3D sürət modelləri qurulmuş və Azərbaycan ərazisinin keçid zonalarında Yer qabığının sürət qeyri-bircinsliyi müəyyən edilmişdir.

2021-ci ildən Böyük Britaniyanın Oksford Universiteti və AMEA nəzdində RSXM arasında əməkdaşlıq çərçivəsində respublika ərazisinin şərq hissəsində paleoseysmik tədqiqatlara başlanılmışdır. Həmçinin mərkəz Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ departamenti və digər tərəfdaş ölkələrlə birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Seysmik monitorinq şəbəkənin genişlənməsi seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə də öz təsirini göstərməkdədir. Mərkəzə dünyanın aparıcı ölkələrinin seysmoloji mərkəzləri tərəfindən birgə əməkdaşlıq və elmi tədqiqatların aparılmasına dair çoxsaylı təkliflər gəlməkdədir. Bütün bunlar isə Azərbaycanda seysmologiya elminin gələcəyi ilə bağlı müsbət və xoş inam yaradır.

 

Top