Əziz Əli!

23 Yanvar 2021

Bu gün sənin 2 yaşın tamam olur. Bu dünyada ata qayğısı, ana nəvazişi bir övlad üçün əvəzolunmazdır. Sənin Atan isə artıq bu xalqın qəhrəman övladı olaraq ən ülvi ucalığa yüksəlib, şəhid olub. Qəhrəmanlarının övladlarına xalqımız, dövlətimiz hər zaman diqqət və qayğı ilə yanaşıb və Sən də hər zaman bu xalqın, dövlətin qayğısını hiss edəcəksən.  

İnanırıq ki, Sən də atanın - torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, qəhrəmancasına şəhid olmuş mayor Rahib Babayevin arzularını yerinə yetirəcək, bacın və qardaşınla birgə bu xalq və Vətən üçün layiqli, qəhrəman övlad olacaqsan.   

Səni təbrik edirik!

a 2 a 3

 

Qeyd edək ki, balaca Əlinin atası mayor Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il  iyunun 19- da Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1992-ci ildən 1996-cı ilə kimi Külüs kənd orta məktəbində təhsil alıb, 1997-1999-cu illərdə Naxçıvan şəhər 14 nömrəli orta məktəbində təhsilini davam etdirib. Rahib Babayev 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2002-2006-cı il tarixlərdə Heydər Əliyev adına Ali Hərbi  məktəbdə təhsil alıb.

a 4

 

Azərbaycan Ordusu sıralarında ölkənin müxtəlif bölgələrində, o cümlədən Murovdağ silsiləsində xidmət edən, mayor rütbəsi alan Rahib Babayev sentyabrın 27-də işğalçı Ermənistanın növbəti genişmiqyaslı təxribatından sonra Azərbaycan Ordusunun başladığı Vətən müharibəsi zamanı  Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Rahib Babayev sentyabrın 30-da özünün başçılıq etdiyi taborla birlikdə bir neçə düşmən postunu ələ keçirib, misilsiz şücaət göstərib.

Sentyabrın 30 da şəhidlik zirvəsinə ucalan mayor Rahib Babayev oktyabrın 2-də Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

 Rahib Babayev “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, 3-ü dərəcəli  “Qüsursuz xidmətə görə”, 2-ci dərəcəli “Qüsursuz xidmətə görə”, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəli idi. Vətənə əmanət 3 övladı qalıb.

Akademik Zərifə Əliyeva adına liseyin şagird, valideyn və müəllim ailəsi öz xeyirxah missiyaları ilə daim cəmiyyətimizin dəstəyə ehtiyacı olan insanlarının yanında olmağı özlərinə borc bilirlər. Onlar Şəhid mayor Rahib Babayevin ailəsini özlərinə dost ailə elan edərək Əli və onun doğmalarının yanındadırlar. Sevinclərinə və kədərlərinə şərik olmaq üçün maddi və mənəvi dəstəyini əsirgəməməyi öz öhdəliklərinə götürmüşlər.

Top