Bakı-Şuşa və Bakı-Ağdam avtobuslarına biletlərin qiyməti açıqlandı - SƏFƏR TƏLƏBLƏRİ

18 Yanvar 2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

BUNA DA BAX: Şuşaya marşrut avtobusları belə olacaq

Bakı-Şuşa-Bakı biletinin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı avtobuslarının qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam-Bərdə (express) 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarından müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə pulsuz istifadə etmək imkanı yaradılıb.

Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla, bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin “COVID-19” virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Top