Avtomobil saxladığın anda 1 manat verməlisən... - Cavid Qurbanovdan ağılalmaz biznes planı

13 Yanvar 2021

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

BUNA DA BAX: "Brent" neftin qiyməti 58 dollara çatır

Qeyd olunur ki, müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq. Bildirilib ki, vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3 300 min kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2 800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq.

 

Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçiriləcək: "Məlumdur ki, şəhərin "giriş qapısı" funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq".

Parklanma xidmətlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Əmlak" MMC göstərəcək.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdur. Bakı Dəmir Yolu Vağzalının ətrafı həm də 28 may metrostansiyasının da ətrafıdır, şəhərdə indiyə qədər də avtomobillərin daha çox və intensiv şəkildə parklanma üçün  istiadə edilən ərazilərdən biridir.

Top