Ahmet Dördüncü: İqlim dəyişikliyinin dünya iqtisadiyyatına yetirdiyi zərər 2040-cı ildə 54 trln. dollara çata bilər

26 Noyabr 2019

Müvafiq tədbirlər görülməsə iqlim dəyişikliyinin dünya iqtisadiyyatına yetirdiyi zərər 2040-cı ildə 50-54 trln. ABŞ dolları təşkil edə bilər.

Heftelik.az-ın məlumatına görə, bunu BMT-nin təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanda məsuliyyətli biznes" adlı konfransda çıxış edən "Akkök Holdinq"in İcraiyyə Şurasının sədri, BMT-nin Qlobal Sazişinin Türkiyə Şəbəkəsinin Direktorlar prezidenti Ahmet Dördüncü deyib.

Onun sözlərinə görə, son tədqiqatlara əsasən, iqlim dəyişikliklərin qlobal iqtisadiyyata olan illik təsiri təxminən 250-300 mlrd. dollar civarında qiymətləndirilir.

İqlim dəyişikliyinin təsirinin azaldılması üçün dərhal tədbirlər görülməli və bu işlər tək dövlət səviyyəsində deyil, həm də biznes dünyasının iştirakı ilə reallaşdırılmalıdır, deyə A. Dördüncü bildirib.

Qeyd edək ki, BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10 min şirkət və 3 min qeyri-biznes qurumu,  eləcə də 60 - dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

Şərh vermək üçün giriş edin
Top