Azərbaycanda bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsi

08 Sentyabr 2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları və  Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 185,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib. Hesabat dövrü Külək  Elektrik Stansiyalarında 54,8 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 23 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında 27,8 mln. kVt-saat artaraq 12 084,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 199,9 mln. kVt-saat azalaraq 680,3 mln. kVt-saat təşkil edib.

Ancaq bu göstəricilər qaneedici sayıla bilməz. Alternativ enerji istehsalının artırılması üçün artıq ölkəmizdə sistemli və ardıcıl fəaliyyət həyata keçirilməkdədir. Elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidentinin diqqət yetirdiyi prioritetlərdən biridir. Prezident İlham Əliyev 29 may 2019-cu il tarixdə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda Energetika Nazirliyinə  bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.  2019-cu il dekabrın 5-də isə Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Energetika nazirinin sədrliyi ilə Komissiya yaradılıb. Komissiyanın üzvləri İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Ədliyyə nazirinin müavini, Fövqəladə hallar nazirinin müavini, Ekologiya və təbii sərvətlər nazirinin müavini, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini,  “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Sərəncama əsasən, Komissiyaya konkret tapşırıqlar verilib. Komissiya layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması, investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etməli idi. Eyni zamanda layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi.  Nazirlər Kabinetinə isə tapşırılıb ki, beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Dövlət başçısının imzaladığı bu iki sərəncamdan sonra bu istiqamətdə atılan ən  mühüm addım isə bu il yanvarın 9-da Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması oldu. Başqa sözlə, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq, intensiv müzakirələr aparılıb. "ACWA Power" və "Masdar" şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb. "ACWA Power" və "Masdar" şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib. Layihələrin icrasına hazırlıq məqsədilə "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cı il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən tədbirlər həyata keçirilib.

Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8.000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. "Masdar" şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4.000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Baş Nazir Əli Əsədov imzalanma mərasimində bildirib ki, son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Bu gün, burada xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Baş Nazir qeyd edib ki, bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanığlığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək.

Energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, bu müqavilələri imzalamaqla ölkəmizdə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi "ACWA Power" və "Masdar" şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza töhfə verəcək.

Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Bütün bunların fonunda bərpaolunan enerji sahəsində investisiyaların artımını sürətləndirmək üçün qanunvericiliklə bağlı da bir sıra addımlar atılması yönündə hazırlıq gedir. Energetika Nazirliyi Azərbaycanda "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında" qanun layihəsini artıq ölkə hökumətinə təqdim edib. Azərbaycanda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanunun qəbul edilməsi günəş enerjisindən əldə edilən elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərində olan fərqi aradan qaldıracaq. Məsələ ondadır ki, hazırda ölkədə günəş enerjisindən əldə olunan elektrik enerjisi üzrə topdan və pərakəndə satış qiymətlərində fərq mövcuddur. Belə ki, günəş enerjisindən əldə olunan elektrik enerjisi üzrə topdan satış qiyməti 1 kVt-saat üçün 5,7 qəpikdirsə, elektrik enerjisinin şəbəkədə satış qiyməti aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVt-saat daxil) olan hissəsi üçün 7 qəpik, ondan artıq olduğu təqdirdə isə 11 qəpik təşkil edir. alternativ enerjisi sahəsində elektrik enerjisini hansı qiymətlə alırıqsa, satışı da həmin qiymətlə olmalıdır, yaxud bu proses barter üsulu ilə təmin edilməlidir. Qanun layihəsində bu məsələ əksini tapıb və qanun qəbul olunandan sonra topdan satış qiyməti ilə pərakəndə satış qiyməti arasında fərq aradan qaldırılacaq.

Digər tərəfdən, hazırda respublikada 150 kVt gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə lazım deyil və insanlar bu panelləri fermalarda, yaşayış evlərinin üzərində və həyətlərində rahatlıqla quraşdıra bilərlər. Lakin 150 kVt həddindən çox böyük gücdür. Mütəxəssislərin hesablamalarına görə, adi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3-4 kVt gücündə günəşlə işləyən qurğuların quraşdırılması yetərlidir. Qoyuluş gücü 3 kVt olan elektrik stansiyanın quraşdırılması təxminən 3 750 manata başa gələ bilər, bu da ildə 4 min. kVt-saat elektrik enerjisinin (440 manat dəyərində - 1 kVt-saatı 11 qəpikdən hesablama şərti ilə) istehsalı üçün imkan yaradır. Yəni il ərzində siz qoyulan günəş panellərinin quraşdırılmasına xərclədiyiniz vəsaitin 10%-i dəyərində enerji əldə edirsiniz. Bu da o deməkdir ki, 10 il ərzində sizin tərəfindən qoyulan investisiya özünü doğruldacaq. Sonrakı istismar dövründə isə qurğunun işlənilməsi sizə qazanc gətirəcək və qənaət etməyə imkan verəcək.

Fərəh Sabirqızı

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçirdiyi “Alternativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsi çərçivəsində hazırlanıb.

 

Top