102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur – Mirşahindən Vahid Mustafayevə sərt mesaj - VİDEO

10 Dekabr 2019

“REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev 102,0 MHz işçi tezliyi ilə əlaqədar müsabiqədə iştirak edəcəyini təsdiqləyib.

Heftelik.az-ın məlumatına görə, bu gün “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev radio kanalının açılması üçün elan olunan müsabiqə ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib ki, əslində teleradio məkanında fövqəladə hadisə baş verməyib.

BUNA DA BAX: Azərbaycanda daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verildi

 

Mirşahin Ağayev bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib: “Həmin tezlik müsabiqənin qalibinə istifadə üçün veriləcək. 102 ÇM-də ÇM abreviaturası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirməyib. 102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur. ÇM - Частотная Mодуляция (tezlik modulyasiyası) idi. Bunu hamı bilir. Çingizin ruhunu narahat etmək olmaz, amma mənim dediklərim o ruhu rahat edəcək. Çingiz Mustafayevin adını daşıyan radio tezliyin satılması barədə bəyanat məsuliyyətsiz bir bəyanatdır. Radio tezlik müsabiqəyə çıxarılır, radio tezlik satışa çıxarılmır. Yoxdur axı belə bir məsələ. ANS ÇM-in satışa çıxarıldığını demək məsuliyyətsizlikdir. 102 FM tezliklərdən biridir. Bu gün xəbər yayılıb ki, APA TV də müsabiqə ilə bağlı müraciət edib. Mən APA-nın rəhbərliyi ilə danışdım, APA tərəfindən belə bir müraciət yoxdur, məlumat yalandır. Çingiz mənim üçün xüsusi mövzudur, o mənim dostum olub. Çingiz Mustafayevin adı böyük bir spekulyasiya kampaniyasının mərkəzində hallanır. Ortada çox böyük avantüra var”.

 

Qeyd edək ki, bu gün haqqın.az saytında REAL TV və “APA Group”un MTRŞ-nın elan etdiyi radiotezlik müsabiqəsində iştirak üçün müraciət etməsi barədə yanlış informasiya yayılıb. “APA Group”un baş direktoru Vüsalə Mahirqızı “APA Media Group”un Milli Televiziya və Radio Şurasına radiotezliklə bağlı heç bir müraciət etmədiyini söyləyib. 

 

 

Top