Yüksək texnologiyalar rəqabətqabiliyyətli sənayenin inkişafı üçün əsasdır

21 Yanvar 2021

Ölkə başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Bir qayda olaraq bu çağırış da edilir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. 

Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.

Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir”.

Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı bunun bariz nümunəsidir. Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

 Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaqdır.

Qeyd edilən müəssisələrin təməlinin qoyulması və açılış mərasimindən sonra dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan Televiziyasına müsahibəsində də  hazırkı  dövr üçün prioritetləri açıqlamaqla yanaşı,  bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu addımların  atılması ilə  yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək. Ötən ilə qısa baxış fonunda deyə bilərik ki,  dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də ölkə iqtisadiyyatı  dayanıqlılığını qoruya bilmişdir.

Diqqəti  2020-ci ilin  yekunlarına həsr olunan müşavirəyə  yönəldən dövlətimizin başçısı İlham Əliyev ötən il valyuta ehtiyatlarının azalmadığını, əksinə az da olsa artdığını qeyri-neft sektorunun uğurla inkişaf etməsi ilə əlaqələndirib. Hansı ki, ötən il dünya dövlətləri koronavirus infeksiyasının fəsadlarını, iqtisadiyyatın durğunluğunu yaşamışlar.  Bir sözlə, bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur. Amma Azərbaycanda  tənəzzül cəmi 4,3 faiz təşkil etmişdir. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Ölkəmizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.  

Son 17 ilin iqtisadi yüksəlişi bu fikri böyük inamla söyləməyə əsas verir ki,  ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı qaçılmazdır.  2021-ci ilin ilk ayında yeni müəssisələrin təməlinin qoyulması və açılışı müsbət göstəricidir.  Ötən il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Artıq 2021-ci ildən yeni dövr başlayır. Dövlətimizin başçısı İlham Əliyev son 17 ildə  Sumqayıta bəlkə də 30 dəfə səfər etdiyini önə çəkərək bildirmişdir ki, hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.

«Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri» söyləyən dövlətimizin başçısı İlham Əliyev özlüyündə yaranan bu sualı səsləndirmişdir: Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Azərbaycanın sabitlik diyarı, böyük investisiyalar məkanı kimi tanınması ölkəmizə xarici investisiyaların cəlbini daha da sürətləndirir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir.  Təbii ki, bu reytinqi qorumaq, mövqeyimizi daha da möhkəmləndirmək üçün vacib olan amillər vardır: Sabitlik, xalq-iqtidar birliyi,  əmin-amanlıq, təhlükəsizlik.

Artıq müharibə  başa çatıb. Qarşıdakı illərdə işğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlardan səmərəli istifadə edilməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək. 

 Azərbaycanın bu gün neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əldə etdiyi uğurlar, bu sahədə mövcud imkanlar bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcək. Dövlətimizin başçısı bildirir: «Çünki əgər əvvəlki illərdə - münaqişə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq.»

Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin edir, ən əsası dünyaya yeni iqtisadi modelini nümayiş etdirir.

a a

Azad Əliyev

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top