Tanınmış iqtisadçıdan ərzaq böhranı yaranmaması üçün çağırış  

31 Mart 2020

Koronavirusun aqrar sektora təsiri bizdə müzakirələrdən kənarda qalsa da, son günlər dünyada intensiv olaraq diqqət mərkəzindədir.

Heftelik.az-ın məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

BUNA DA BAX: Azərbaycanda gücləndirilmiş xüsusi karantin rejimi başladı - Evlərdən çıxmaq, toy, nişan qadağandır

 

İqtisadçı qeyd edib ki, tətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq fromasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir.

Amma daha ciddi məqam - Fransa kimi ildə kənd təsərrüfatına 200 min xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır. Kənardan işçi qüvvəsi idxalı dayanıb. Bir çox Avropa ölkələri məhz əcnəbi işçi qüvvəsi hesabına aqrar sektoru ayaqda saxlayır. Mövsüm isə artıq başlayır.

Rövşən Ağayev bildirib ki, İtaliya kimi koronavirusa təslim olmuş ölkələrin kənd təsərrüfatında ciddi problem qaçılmazdır və onların idxalı daha da artacaq. Bir çox ölkələrdə kənd təsərrüfatı istehsalının azalması ərzaq qıtlığı və o isə yüksək qida inflyasiyası yarada bilər: “Bizim üçün başqa problemdən narahatam - yaxın zamanlarda fermerlərin intensiv istifadə edəcəyi və məhsul bolluğunun təminatı üçün vacib şərt olan dərman və bağlama materiallarının, toxumların ehtiyatları nə yerdədir? İdxal-ixrac əlaqələrinin xeyli məhdudlaşdığı zaman bu məsələ aktuallaşır. Nəzərə alaq ki, biz bu məhsulların hamısını - dərman vasitələrini, texniki vasitələri və toxumları idxal edirik.

 

Hər halda Kənd Təsərrüfatı Nazirliyi yəqin ki, ehtiyat anbarlarda vəziyyəti daha yaxşı bilir. Əgər ən azından qarşıdakı mövsüm üçün ehtiyaclara uyğun hər çeşid dərmanlama və digər zəruri texniki vasitələrin (həm pestisidlər, həm gübrə və toxumlar, həm də texnika üçün ehtiyatlar) yaxın bir ayda ölkəyə gətirilməsi üçün plan olmalıdır və ehtiyat anbarların təftişi çox önəmlidir. Əgər virus problemi 1-2 ayda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real görünən ssenaridir. Bu baxımdan hətta ərzaq ixracına embarqolar da ən pis ssenari kimi göz altına alınmalıdır. Ümid edirəm hökumətin təqdim eləməyə hazırlaşdığı dəstək proqramında kiçik və orta fermer təsərrüfatlarına da yardım nəzərdə tutulacaq. Ən azından lizinq vasitəsilə alınmış texnika və digər vasitələrin ödənişində güzəştlər, bank kreditlərinin qaytarılmasına dəstək üçün təşəbbüslər olacaq.

Yaxın zamanlar bəşəriyyət üçün həkimlərlə yanaşı fermerlərin də dəyəri normal şərtlərdə olduğundan daha yüksəkdir”.

Şərh vermək üçün giriş edin
Top