"Çovdar" qızıl və gümüş yatağının resursları 47% artıb

22 May 2020

"AzerGold" QSC-nin həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən "Çovdar" qızıl və gümüş yatağının metal resurslarının 47% həcmdə artımına nail olub.

Heftelik.az-ın "AzerGold"a istinadən verdiyi məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində "Çovdar" yatağının qızıl resurslarının həcmi 1 127,5 min unsiya (və ya 35 ton) təşkil edib.

BUNA DA BAX: “RoyalBank”da milyonlarla manat mənimsəmə  - RƏSMİ

Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılıb, ümumilikdə, 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb. Nəticədə, yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda "Çovdar" yatağının ümumi resurslarının həcmi 1 661,0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.

Xatırladaq ki, "Çovdar" yatağının birinci – yerüstü mərhələsinin istismarı 2017-ci ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanması üzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.

Top