Hökumət ölkəyə qızıl gətirilməsi qaydasını buna görə dəyişib - SƏBƏB

05 Aprel 2021

2019-cu ildə 104 qeyri-rezident fiziki şəxs üzrə 155, 2020-ci ilin yanvar-aprel aylarında 18 qeyri-rezident fiziki şəxs üzrə 38 idxal əməliyyatı çərçivəsində eyni şəxslərin eyni maldan çoxlu sayda idxal etməsi hallarının da mövcud olmasına baxmayaraq, kommersiya fəaliyyətinin məqsədləri üçün nəzərdə tutulmuş malları idxal edən həmin qeyri-rezident fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi dövlət qeydiyyatına alınması təmin edilməyib.

Heftelik.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

BUNA DA BAX: Hökumətdən yeni qərar - Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək

Sənəddə qeyd edilib ki, son nəticədə ölkəyə idxal edilən zərgərlik məmulatlarının (və ya bir sıra zərgərlik məmulatlarının) qanunvericiliyin tələblərinə uyğun olmayaraq müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilərək bəyan edilməsi və bu halların gömrük inzibatçılığı çərçivəsində tam və hərtərəfli qaydada araşdırılmaması, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərinin yayındırılması ilə yanaşı, həmin hüquqi şəxsin analoji fəaliyyətlə məşğul olan (məşğul olmağa cəhd edən) xarici ticarətin digər iştirakçıları üzərində üstünlük əldə etməsi üçün əlverişli şərait yaradıb.

 

Hesabatda nəzərə çatdırılır ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (İdarə) hesabat məlumatlarına əsasən, 2019-cu ildə ölkə ərazisinə idxal edilmiş zərgərlik məmulatlarının cəmi 300,3 kq təşkil etməsi ölkə daxilində dövriyyədə olması ehtimal edilən zərgərlik məmulatlarının fiziki həcmləri arasında kəskin fərqləri büruzə verib.

Belə ki, zərgərlik məmulatlarının gömrük rəsmiləşdirilməsinin Dövlət Gömrük Komitəsinin strukturunda məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən həyata keçirildiyini, ölkəmizin özünəməxsus tarixi ənənələrini, eləcə də Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən hər il 60,0 minə yaxın nikah hadisəsinin baş verməsini nəzərə alaraq, 2019-cu ildəki yalnız nikah hadisələri ilə əlaqədar minimum miqdarda (20 qram) zinət əşyasının alınması şərtilə dövriyyədə olmalı zərgərlik məmulatlarının fiziki həcmləri ilə idxal edilmiş (gömrük rəsmiləşdirilməsi aparılaraq ölkə ərazisinə sərbəst dövriyyəyə buraxılmış) zərgərlik məmulatlarının fiziki həcmləri arasında üç dəfədən çox fərqin mövcud olduğunu görmək olar.

 

Hesablama Palatası inzibatçılığın gücləndirilməsi şərtilə zərgərlik məmulatlarının idxalda gömrük ödənişlərindən azad edilməsinin qeyd olunan sahədə şəffaflığın artırılmasına əhəmiyyətli töhfə verəcəyi qənaətindədir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 mart 2021-ci il tarixli fərmanı ilə  təsdiqlənən Vergi Məcəlləsinə dəyişikliyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. 

Top