21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.
BUNA DA BAX: Moskva görüşündə bu barədə razılığa gəlinib - DETALLAR
Qeyd edək ki, imzalanan Memorandumla Dostluq adlandırılan bu yatağı indiyə qədər Azərbaycan “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırıb. Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.