21-ci əsrin Ordusunu quran Lider

19 Noyabr 2021

XXI əsr xalqımızın çoxəsrlik tarixinin bənzərsiz və parlaq səhifəsini təşkil edir. Çünki bu yüzillikdə heç vaxt indiki qədər güclü olmayan Azərbaycan dövləti qlobal siyasi arenada davamlı yüksəlişə malik güclü dövlət, söz və nüfuzu sahibi olan mühüm aktor kimi özünü təsdiqləyib. Eyni zamanda, zəngin və unikal mədəniyyətə, milli iftixar nümunəsi olan şanlı tarixi keçmişə malik xalqımızın şərəfli inkişaf yolunun ən qürurverici səhifəsi, təbii ki, Vətən müharibəsində möhtəşəm qələbəmiz, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan xalqının bu Qələbə salnaməsi – Zəfər dastanı dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və milli həmrəyliyimiz sayəsində yaradılıb.

Uzaqgörən, prinsipial siyasət

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsini təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasət nəticəsində güclü iqtisadi potensialın formalaşdırılması, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, qısa zamanda çevik şəkildə bütün resurslarını səfərbər edilərək vahid məqsədə istiqamətləndirilməsi və ölkədə xalq-iqtidar birliyi, milli həmrəylik şərtləndirdi. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən qələbəni şərtləndirən səbəblərdən geniş bəhs edib, hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqladı. Bu müsahibədə açıqlanan məqamlar Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirir.

C. Osmanov deyib ki, 44 günlük müharibə dövründə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev liderlik xüsusiyyətlərini, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığını, güclü, dünya səviyyəli siyasətçi olduğunu bir daha nümayiş etdirib: “Hərbi əməliyyatlara şəxsən rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev bütün məsələləri dəqiqəbədəqiqə və ən xırda detallarına kimi nəzarətdə saxlayaraq müvafiq tapşırıqlar verib, müharibə dövründə çıxışları, təmkinli davranışı ilə xalqı və ordunu qələbəyə ruhlandırıb, qələbə əzmi aşılayıb. Vətən müharibəsi dövründə düşmən təmas xətti yaxınlığında və təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə xaincəsinə raket zərbələri endirərkən Azərbaycanın düşmənin heç bir təxribatına uymadı. Ali Baş Komandanın əmrinə uyğun olaraq Azərbaycan Ordusunun hədəfi yalnız düşmənin hərbi qüvvələri, obyektləri oldu. Müasir texnologiyalar və silahlardan istifadə edən Azərbaycan Ordusu dinc əhali arasında itkiləri minimallaşdırmaq vəzifəsini uğurla həyata keçirib. Yalnız hərbi əməliyyatlar zamanı erməni hərbçilərinə dəstək məqsədilə döyüş meydanında artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər arasında itkilər olub”.

Müharibənin mühüm dönüş nöqtələrindən biri

Deputat müharibənin ilk günü düşmənin 30 il ərzində qurduğu müdafiə xəttinin, güclü və müasir istehkamların darmadağın edildiyini söyləyib: “Azərbaycan Prezidenti müsahibədə ermənilərin genişmiqyaslı təxribatına cavab olaraq torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqlayıb. Ali Baş Komandanın qeyd etdiyi kimi, hələ hərbi əməliyyatların ilk dövründə Ermənistan səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə, qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər. Digər tərəfdən, müharibənin mühüm dönüş nöqtələrindən biri də Hadrut əməliyyatıdır, bu, düşmən üçün gözlənilməz və ciddi sarsıntı oldu. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılandan sonra Zəngilana yolun açıldı, Qubadlın azad olundu və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarət təmin edildi. Şuşa əməliyyatı isə bu müharibənin tacıdır, əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsidir. Bununla da düşmənin son müqaviməti sındırıldı və təslim oldu. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin mahir strateq olduğunu bütün dünyaya nümayiş etdirdi”.

C. Osmanov vurğulayıb ki, Şuşanın işğaldan azad olunması mənəvi, siyasi və strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Birincisi, Şuşanın Azərbaycan mədəniyyətinin ocağı kimi xalqımızın tarixində çox böyük rəmzi mənası və xüsusi yeri var. Şuşa eyni zamanda, azərbaycanlı milli kimliyinin daşıyıcısı və tarixi simvoludur. Bu mədəniyyət  mərkəzinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Əlamətdar haldır ki, illər sonra əsarətdən qurtulan – əsl sahibinə qovuşan Şuşanın gələn il 270-ci ildönümünüdür. Heç şübhəsiz, Azərbaycan dövləti bu müstəsna tarixi təntənəli şəkildə qeyd edərək öz milli gücünü və mənəvi-siyasi iradəsini nümayiş etdirəcək, xalqımızın həmrəyliyi yenidən əzəmət simvoluna çevriləcək: “Digər tərəfdən, Şuşanın işğaldan azad olunması strateji amildir. Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımız üçün növbəti faciələrə səbəb olmuşdu. Şuşanın strateji əhəmiyyətinin itirilməsindən istifadə edən düşmən Laçını və Kəlbəcəri də işğal altına almış, beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. 28 il sonra bu tarixi Azərbaycan torpağının işğaldan azad olunması Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsinə imkan verməklə yanaşı, xalqımızın mənəvi-psixoloji üstünlüyünü də gücləndirmiş oldu. Şuşanın bərpası hazırda Azərbaycan dövlətinin qarşısında duran milli-strateji vəzifələrdən və mühüm prioritetlərdən biridir. Bu tarixi Azərbaycan şəhərinin bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya etdiyi səfərdən sonra start verilib. Qısa müddət ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müasir infrastrukturun yaradılması ilə əlaqədar vacib addımlar atılıb. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd edə bilərik ki, Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib.

Bunlarla yanaşı, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Heydər Əliyev Fondu tərəfindən üç məsciddə təmir-bərpa işlərinin aparılması, Natəvan bulağının bərpa edilməsi, “Xarıbülbül” və “Qarabağ” hotellərinin istifadəyə verilməsi və digərləri Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir. 

Bir sözlə, Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb.”.

C. Osmanov Azərbaycanın XXI əsrin müharibəsini aparmasının dünyada böyük əks-səda doğurduğunu qeyd edib: “Hərbi əməliyyatların uğurla həyata keçirilməsində pilotsuz uçuş aparatlarının rolu, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılması və digər ordu növlərinin fəaliyyəti ilə uyğunlaşdırılmasını da xüsusi qeyd etmək lazımdır. Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb tarixə düşdü. Bu hərbi əməliyyatlar dünyanın aparıcı hərbi mərkəzləri və ekspertləri tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın təcrübəsi dünyada öyrənilir. Müasir texnologiyalar və silahların istifadə Azərbaycan Ordusunda itkilərin minimuma enməsində mühüm rol oynadı. Azərbaycan Ordusunun zamanında bu müasir texnologiya və silahlarla təchiz olunmasını təmin edən də məhz uzaqgörən və dahi strateq olan Azərbaycan Prezidentidir. Təsadüfi deyil ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da müsahibədə dəfələrlə Azərbaycan Prezidentinin uzaqgörənliyinə və liderlik xüsusiyyətlərinə ehtiramını ifadə etmişdi”.

Vüqar Həsənov

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsi çərçivəsində hazırlanıb.

Top