Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmi

01 Mart 2021

Bütün dünyaya məlumdur ki, Türkiyə və Azərbaycanla qardaş və müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin söylədiyi kimi  “bir millət, iki dövlət” prinsiplərinə əsaslanan etibarlı tərəfdaş ölkədir. Bu sözlərin bariz nümunəsi olaraq Türkiyənin 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dönəmdə Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Vətən müharibəsinin başladığı andan etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Eynilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Məhz dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycan arasında möhkəm, əbədi dostluq və qardaşlıq münasibətləri yaranıb. Öz qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə dövləti və xalqı şanlı Zəfər Paradında da bizi tək qoymadı. Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ölkəmizdə hər kəsi sevindirdi. Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalaması və Azərbaycana göndəriləcək türk hərbçilərin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli  bəyanata əsasən, Rusiya ilə Türkiyə arasında yaradılması qərara alınan Atəşkəsin Monitorinq Mərkəzində 1 il müddətinə fəaliyyət göstərməsi də xüsusi əhəmiyyət kəsb edir. Türk Silahlı Qüvvələrinin balansında olan hərbi-texniki vasitələr həm ölkənin yerli, həm də son model olmaqla, əsasən ABŞ, Almaniya, Britaniya istehsalıdır. Yüksək döyüş qabiliyyətli bu vasitələr birmənalı şəkildə NATO standartları əsasında istehsal olunub. Həmçinin Türkiyədə bir neçə il öncə istifadə olunan hərbi texnikalar müasirləşdirilməklə döyüş qabiliyyəti yüksəldilməkdədir. Misilsiz uçuşlar həyata keçirən silahlı pilotsuz uçuş aparatları Türk Ordusunu döyüşlərdə irəli aparan avanqarda - döyüş vasitəsinə çevrilib. Hazırda Türk Silahlı Qüvvələrinin balansında yalnız “Bayraktar TB2” tipli 140-dan çox silahlı pilotsuz uçuş aparatının olduğu məlumdur. Türkiyənin yerli və milli istehsalı olan ATAK döyüş helikopterləri dünyanın ən böyük hərbi sərgilərində xüsusi diqqət mərkəzindədir. Eyni zamanda Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir. Hətta “Global Power” indeksində Türkiyə Ordusu dünyanın yüksək döyüş qabiliyyətli ordularının ilk onluğunda yeri tutub.

Bu gün hərb tarixində əldə etdiyimiz uğurların növbəti səhifəsi kimi Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq mümkündür. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilən mətbuat konfransında bunu bir daha bəyan edib. Artıq bu sahədə əməli-praktiki işlərə start verilməsi Ordumuzun daha da güclənməsini təmin edəcək.  Digər tərəfdən, Türkiyə ilə Azərbaycan çox geniş, çoxtərəfli formatda müqavilələr bağlayır, əlaqələrimiz hər gün daha da möhkəm xarakter alır. Həmin proseslərin davamı kimi artıq ölkələrimiz arasında qanunvericilik bazası yaradılıb və qardaş ölkə ilə imzalanan sənədlərdə qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.

Tural İsmayılov

 

YAP Yevlax rayon təşkilatında baş məsləhətçi

Top