27 illik Vətən həsrətinin sonu

13 Oktyabr 2021

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. 2 şəhər, 16 qəsəbə, 51 kənd və başqa yaşayış məntəqələri düşmən tapdağı altında qaldı. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 657 nəfər şəhid, 400 nəfərədək əlil oldu, 181 nəfər əsir və itkin düşdü, rayonun 55 min nəfərə yaxın sakini ölkənin müxtəlif rayonlarında qaçqın həyatı yaşamağa məcbur oldular.

Füzulilərin 27 illik vətən həsrətinə nəhayət ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu son qoydu. 2021-ci il oktyabrın 17-də Ordumuz Füzuli şəhərini və Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini öz sahiblərinə qaytardı və düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açdı.

Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdı. Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, və nəhayət Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq demək idi.

Füzuli uğrunda döyüşlərdə düşmən Ordumuzun şücaəti qarşısında davam gətirməyərək öz silahlarını yerə qoyub qaçmışdı. Hücum zamanı öldürülmüş yüzlərlə düşmən meyitləri elə döyüş meydanında qalmışdı. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü gördü və bunu etiraf etməyə məcbur oldu.

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Müharibədə əldə edilən uğur şəhid və qazılərimizin fədakarlığını bir daha göstərdi. Dövlət də onların əməyini yüksək qiymətləndirdi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundular. 

Bu Şanlı Qələbəni bizə bəxş edən Ordumuz, fədakar əsgər və zabitlərimiz və ən əsası Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edirik.

 

 Xaliq Əliyev

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, ehtiyatda olan kapitan

Top