Haqlı olan Azərbaycan Ordusu öz torpaqlarında vuruşur

19 Oktyabr 2020

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan tərəfindən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbəsi endirməsi ilə bağlı xalqa müraciət edib. Prezident bu namərd cinayət hərəkəti nəticəsində dinc soydaşlarımızın həlak olması və yaralanmasını bildirərək bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza şəfa dilədi.

Ölkə başçısı bildirdi ki, Ermənistan növbəti dəfə atəşkəsdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Atəşkəsdən bir gün keçməmiş Azərbaycanın ikinci ən böyük şəhəri olan qədim Gəncəyə raket zərbəsi endirildi, daha sonra düşmən Mingəçeviri, dıgər şəhər və rayonlarımızı nişan aldı və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdu.

Azərbaycan şəhərlərinə, kəndlərinə raket və digər silahlarla zərbə endirilməsi bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Belə əməllər dəfələrlə təkrar edilib  və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.

Ermənistan rəhbərliyi dinc əhaliyə operativ raket kompleksləri vasitəsi ilə atəş açmaqla hərbi cinayətlərə yol verir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar.Ölkə başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan dinc əhaliyə qarşı vuruşmur, onları nişan almır. Bizim şanlı ordumuz düşmənə döyüş meydanında lazımı cavab verir, onun canlı qüvvəsi, texnikasını məhv edir və bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.

Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə xain düşməni bizim torpağımızdan qovur və qovacaqdır. Prezident öz müraciətində Azərbaycan Ordusu tərəfindən son bir gündəFüzuli şəhəri və rayonun 7 kəndinin düşməndən azad etdiyini bəyan etdi.

30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb.  Füzuli, Cəbrayıl  şəhərəri xarabalığa çevrilib. Buradakı evlərin və digər tikililərin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.

Bu gün Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalı,kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda müxtəlif yerlərdə təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.

Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.

Bəhruz İsmayılov

YAP Yevlax rayon təşkilatının fəalı

Top