Şuşa Azərbaycanın gözəl məkanına çevriləcək

17 Yanvar 2021

Azərbaycanın qazandığı Zəfər qələbəsindən cəmi iki ay vaxt keçsə də,  dövlətimiz  böyük quruculuq işlərinə start verib. Keçən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş ərazilərimizdə olaraq burada aparılacaq geniş miqyaslı bərpa-quruluq işlərinin başlanması ilə bağlı tapşırıqlarını verib. Prezidentin qeyd etdiyi kimi “Böyük qayıdış başlayır, bütün işlərə start verildi”.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq artıq geniş və yüksək keyfiyyətli Füzuli-Şuşa avtomobil yolunun tikintisinə başlanılıb, yanvarın 14-də Füzuli rayonunda hava limanının təməli qoyulub.

Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcəkdir. Şuşanın bərpası üçün  baş plan hazırlanır. Şuşa şəhəri Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, “Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq”.

 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb.

27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. 

Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal altında olan  rayonlarımıza  qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin həmin əraziləri tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya görür. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havadarlarına çatdırır.

Vətən müharibəsi günlərində Azərbaycan Ordusu yeni tarix yazdı. «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir.

Ölkə Prezidentinin Qarabağın döyünən ürəyi olan Şuşamıza səfəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın paylaşdığı videogörüntülər ermənilərin bu şəhərdə törətdikləri ilə bağlı hər birimizdə bir narahatlıq  yaratsa da, ən böyük təsəllimiz budur ki, tarixi torpaqlarımız öz sahibinə qayıdıb, dövlətimizin başçısı İlham Əliyevin uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadi imkanlarımızın artması fonunda öz əvvəlki vəziyyətinə qayıdacaq. Ermənilər bu vəhşilikləri ilə bir daha sübut edirdilər ki. bu torpaqlar onların deyil,  nə vaxtsa buranı tərk etməlidirlər. Onlar tərk etmədilər, qovuldular. Azərbaycan Ordusu onları iti qovan kimi qovdu.

Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq! Gələcəkdə bizi böyük işlər gözləyir: «Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!»

Anar Hüseynov

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı

aparatının əməkdaşı

Top