Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək

23 Dekabr 2021

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. 

Heftelik.az-ın məlumatına görə, fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə ilə təmin olunacaq:

BUNA DA BAX: Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

I dərəcə əlilliyə görə - 8 800 manat;

II dərəcə əlilliyə görə - 6 600 manat;

III dərəcə əlilliyə görə - 4 400 manat;

 

Fərmana əsasən sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına ödənişlər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Birdəfəlik ödəmə həmin məbləğlərdə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə və müdafiə, daxili işlər, ədliyyə nazirlərinin müavinlərindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəislərinin müavinlərindən, Dövlət Sığorta Kommersiya Şirkəti sədrindən ibarət Komissiya yaradılıb.

Komissiyanın təklifləri əsasında Nazirlər Kabineti birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq edəcək.

Ödənişlər nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək.

Aidiyyəti qurumlar birdəfəlik ödəmə veriləcək şəxslərin siyahısını müəyyən etmək məqsədilə müvafiq məlumatları iki ay müddətində, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan şəxslərin, Dövlət Sığorta Kommersiya Şirkəti isə qeyd edilən kateqoriyalara aid olan və sığorta ödənişi verilmiş şəxslərin siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanla birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək.

Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

Top