Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı – Vəsaitlərinin hansı istiqamətlərə xərclənəcəyi müəyyənləşdi

19 Mart 2020

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Heftelik.az-ın məlumatına görə, fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.

BUNA DA BAX: Prezident İlham Əliyev: "Fövqəladə vəziyyət elan oluna bilər"

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Qaydaya əsasən, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

- fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;

- qanunla qadağan olunmayan digər mənbələr.

 Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.

 

Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydada nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.  Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

- tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

- tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

- xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

- nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

- tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

- tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

- təbliğat və maarifləndirmə işlərinə;

- koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Top