Azərbaycanda fövqəladə vəziyyət rejimində FHN-nin qüvvə və vasitələrindən istifadə ediləcək

30 Mart 2020

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

Heftelik.az-nın məlumatına görə, indiyə qədər qüvvədə olan fərmana əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələrindən istifadə olunmalı idi.

BUNA DA BAX: Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı

 

Dəyişikliyə əsasən, bu siyahıya Fövqəladə Hallar Nazirliyi də əlavə edilib. Başqa sözlə, fövqəladə vəziyyət rejimi elan ediləcəyi halda Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq. Bununla bərabər, həmin orqanlar kimi Fövfəladə Hallar Nazirliyinin orqanlarının fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əlavə güzəştlər və kompensasiyalar müəyyən edilə bilər. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları və hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, silahın, hərbi və xüsusi texnikanın qanunsuz tətbiq olunması, eləcə də fövqəladə vəziyyət rejimini təmin edən vəzifəli şəxslərin xidməti səlahiyyətlərini aşması, o cümlədən insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.
Xatırladaq ki, Konstitusiyanın 112-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

 

“Fövqəladə vəziyyət haqqında” qanuna əsasən, fövqəladə vəziyyət Azərbaycan Respublikasının Konstitusiyasına və bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.

Şərh vermək üçün giriş edin
Top