Xaricdə pasportunu itirənlərə güzəşt

22 Aprel 2020

Qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.

BUNA DA BAX: Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?

İndiyə qədər xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayıb.

Layihəyə əsasən, diplomatik və ya xidməti pasporta malik olan, insan alveri qurbanı olan və 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına da ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

Eyni zamanda bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Şərh vermək üçün giriş edin
Top