Prezident 10 milyon manatlıq yeni holdinq yaratdı - SƏRƏNCAM

07 Avqust 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında" fərman imzalayıb.

Heftelik.az-ın məlumatına görə, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılacaq.

BUNA DA BAX: Yeni nazirə bir səlahiyyət verilmədi

İdarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edəcək.

 AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

 

 Azərbaycan Respublikasının Prezidentinə:

- nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- idarəetmə orqanlarının yaradılması;

- Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- ləğvi və yenidən təşkili.

 AİH-ə:

- Yuxarıda qeyd edilənlər istisna ilə,  “Publik hüquqi şəxslər haqqında” qanunda  publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

 

Nazirlər Kabineti:

- AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməl;

- dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”  qanun ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamədə göstərilən 10  milyon manat məbləğdə maliyyələşməni  İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etməlidir.  Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib  Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Qeyd edək ki, Nizamnaməyə əsasən, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

AİH Bakı şəhərində yerləşir.

Nizamnamə ilə AİH-in fəaliyyət istiqamətləri də müəyyənləşib.:

- müvafiq sahənin inkişafını təmin etmək;

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək

- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək;

- dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək;

AİH-in vəzifələri və hüquqları da məlum olub.

Nizamnaməyə əsasən, AİH öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir. AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. AİH-in Müşahidə Şurası AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

 

Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.

- Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

- Şura qərar qəbul etməkdə müstəqildir.

Şuranın vəzifələri də müəyyənləşib.

İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir.

İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. 

İdarə Heyətinin sədri və Baş icraçı direktor müvəqqəti olmadıqda, onların səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

AİH-in nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.

AİH-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

AİH öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

AİH qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra AİH-in, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. AİH-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

AİH-in məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin ödəyəcəkləri haqqın məbləği istisna olmaqla) tənzimlənən qiymətlərə aid deyildir.

AİH-in ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Top