Müharibədə evləri dağıdılan hər ailəyə bu məbləğdə yardım ediləcək - SƏRƏNCAM

14 Dekabr 2020

Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Heftelik.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. 

BUNA DA BAX: Hərbi vəziyyət dövründə komendantların təyin edilməsinə dair sərəncam ləğv olundu

Sərəncama əsasən,  ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə qərara alınıb:

- 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin:

- dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində;

- digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.

Nazirlər Kabinetinə sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarınanəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.

 

Top