Məktəbliylə cinsi əlaqədə olan müəllim barədə şok qərar - Prokurorluq etiraz etdi

12 Avqust 2020

Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimin barəsində çıxarılan hökmdən apellyasiya protesti verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

BUNA DA BAX: Baş Prokurorluq işgəncə görüntülərindən danışdı - RƏSMİ

Qeyd edilib ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.

Top