Xırdalanda partlayış baş verən evdə axtarışlar davam edir - FHN

26 Yanvar 2021

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.

Heftelik.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

BUNA DA BAX: Azərabycanda qəzalarda hər gün orta hesabla 2 nəfər ölür - RƏSMİ

Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2012-ci il təvəllüdlü Fatimə Musayevanın dağıntılar altında qaldığı ehtimal olunur.

 

Top