Milyonlarla manatlıq ziyan ödətdirildi

01 Mart 2021

BMS AQRO” MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Balakişiyev Mülhazil Süleyman oğlunun “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olmaqla qeyd edilən Cəmiyyətlə müqavilə bağlanması və mal alınması məqsədilə ödənilmiş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə, habelə lizinq yolu ilə alınması nəzərdə tutulan ümumilikdə 2 milyon 212 min manat dəyərində malın təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 

BUNA DA BAX: Sürücülərə texniki baxış xəbərdarlığı - VİDEO

İş üzrə toplanmış sübutlar əsasında Mülhazil Balakişiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı “Aqrolizinq” ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.

Top