Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun sədri: "Xarkovda Nizami Gəncəvinin abidəsinin ucaldılması tarixi hadisədir”

17 Sentyabr 2021

“2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycan dövlətinin və Ukraynadakı Azərbaycan diasporunun birgə səyi,  Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov dəstəyi ilə  Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun mərkəzi pakında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması tarixi hadisədir. Abidənin açılışında Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Suma, Dnepr, Zaparoje və başqa vilayətlərdən qubernatorların müavinləri, şəhərlərin merləri, Azərbaycan diasporunun rəhbərləri iştirak edirdi”.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun sədri Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, sentyabrın 16-da abidənin açılış mərasimi keçirilib.

Deputat qeyd edib ki, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib: “Mən bir məqamı da qeyd etmək istəyirəm. Ukraynadakı erməni diasporu Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasının qarşısını almaq üçün xüsusi səy göstərib. Bu baş tutmadıqda isə son mərhələdə abidənin şəhərin mərkəzi parkında deyil, şəhərin mərkəzindən kənardakı yerlərdən birinə qoyulmasına çalışıblar.  O da nəzərə alınmalıdır ki, Xarkov Vilayət Şurasında da kifayət qədər ermənilər vəzifə tutur. Məhz ermənilərin fəaliyyəti nəticəsində heykəl hazır olsa da, 5 ay heykəlin qoyulması gecikib. Ancaq ermənilər istəklərinə çata bilmədilər. Bu uğurda xüsusi rolu olanları qeyd etmək lazımdır. Birincisi, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov cəsarətli addım atdı və Xarkovun mərkəzi pakında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması üçün yer ayrıldı. İkincisi, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əlindən gələni etdi ki, bu parkda heykəl qoyulsun. Üçüncüsü, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanovun əməyini qeyd etmək istəyirəm.  Ukraynada azərbaycanlılara isti münasibət var. Fəxri konsul başda olmaqla, diaspor təşkilatlarımızın aktiv fəaliyyəti nəticəsində Xarkovda azərbaycanlılara xüsusi münasibət mövcuddur. Xarkovda azərbaycanlılara bu münasibətin nəticəsidir ki, xarkovlular Fəxri konsulu Əfqan Salmanovu, Azərbaycan diasporunun üzvlərini özlərindən biri kimi qəbul edirlər. Məsələn, təntənəli açılış mərasimi ilə əlaqədar olaraq Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirildi. Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirildi. Həmin konsertdə tamaşaçıların 60 faizi azərbaycanlı, 40 faizi isə ukraynalı idi. Bunun özü də münasibətin bir təzahürüdür”.

nizami 2

R. Quliyev nəzərə çatdırıb ki, abidənin yerləşdiyi park Dəmiryolu Universiteti və Aqrar Universitetin arasında yerləşir: “Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov tədbirdə çıxışında qeyd etdiyi kimi, bu da təhsil alan gənclərin Nizami ilə yaxından tanış olmalarına imkan verəcək. Bura intellektual güc mərkəzi olacaq, tələbələr düşünə, fikirlərini toplaya və daha ciddi işlər üzərinə köklənə biləcəklər”.

Deputat vurğulayıb ki,  Azərbaycan dövlətinin dəstəyi və  Fəxri konsul Əfqan Salmanov və Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində gələcəkdə də Xarkovda Azərbaycan mədəniyyəti və ədəbiyyatının digər görkəmli nümayəndələrinin abidələri ucaldılacaq.

nizami 3

Top