Mahnı folklor ifaçıları tərəfindən estrada-caz üslubunun mənimsənilməsinə artan maraq

26 Yanvar 2021

Annotasiya. Son onilliklər estrada-caz vokal sənətini tədris edən müəllimlər mahnı folkloru ifaçılarında estrada-caz üslubunun mənimsənilməsinə artan maraqla üzləşirlər. Bu cür halları başa düşmək olar. Çünki bizim ölkədə estrada musiqi sənətinə maraq daim artır. Aparılan tədqiqatlara əsasən, xalq vokal ifaçılığında iki istiqamət özünü büruzə verir ki, bunları  şərti olaraq autentik və konsert-səhnə ifaçılığı kimi qeyd etmək olar. Birinci istiqamətin fərqli cəhəti ondan ibarətdir ki, xalq mahnı materialının mənimsənilməsində ölkəmizin bu və ya digər regionunun ifa tərzinə maksimal dərəcədə yaxınlıq vardır. Folklor vokal ifaçılığındakı ikinci istiqamət isə xalq üslublu konsert-səhnə tərzidir. Estrada-caz üslubunun tələbələr tərəfindən mənimsənilməsi zamanı dörd əsas mərhələni qeyd etmək məqsədəuyğundur.

        Birinci mərhələ vokal dərslər zamanı mənimsənilən xalq musiqi repertuarının tədricən estrada ilə əvəz olunmasına yönəlmişdir. Bununla bərabər, ifaçının repertuarına həm də estrada vokal sənətində tez-tez istifadə olunan elə mahnılar  daxil edilir ki, xalq ifaçılıq üslubundan irəli gələn açıq səslə oxuma zamanı estrada vokalda istifadə olunan baş və sinə registrlərində deklamasiyalı-nitq tərzli ifaçılıq üsulları bir-biri ilə növbələşir.

      Estrada - caz üslubuna yiyələnməkdən ötrü ikinci mərhələni şərti olaraq “akademik” adlandırmaq olar. Onun kəsb etdiyi əhəmiyyət ondadır ki, tələbələr bu zaman özləri üçün yeni  olan qapalı vokal səs texnikasına yiyələnirlər.

     Üçüncü mərhələ – caz üslubu ilə bağlıdır, çünki bu mərhələdə caz ifaçılığında istifadə olunan başlıca vokal üsullar əvvəlcədən nəzərə alınır.

      Dördüncü mərhələ - estrada-caz sənəti ilə əlaqədardır. Burada məqsəd ondan ibarətdir ki, tələbələr milli estrada-caz repertuarına yiyələnərkən  onun janr-üslub diapazonunun bütün dərinliyinə nüfuz edirlər.

        Problemin tədqiqi

          Məlum olduğu kimi, mahnı folkloru milli və dünya musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsidır. Ölkəmizdə xalq mahnı yaradıcılığına maraq yüksəkdir.  Mahnı folklorunun mənimsənilməsi prosesinin pedaqoji rəhbərliyinə bizim ölkədə kifayət qədər dəyər verilir. Qeyd etmək lazımdır ki, son illər estrada-caz vokal sənətini tədris edən müəllimlər öz pedaqoji təcrübəsində belə bir hal ilə rastlaşırlar: onların sinfinə folklor-mahnı ifaçıları təşrif buyurur  və estrada-caz üslubuna  meyl göstərdiklərini bildirir.

            Estrada-caz vokal – son dərəcə çevik və  uyuşqan bir janrdır. O, özündə  həm caz improvizasiyasını, həm folklor və ya xalq mahnı texnikasını və rok-vokal emosionallığını ehtiva edir. Estrada-vokalın əsas əlaməti  onun geniş dinləyici kütləsi üçün nəzərdə tutulmasından ibarətdir.

           Bununla bərabər qeyd etmək lazımdır ki, estrada vokalın keyfiyyəti  ifaçıdan-ifaçıya görə son dərəcə  fərqli ola bilər. Odur ki, estrada vokal ifaçılarının arasında həm fonoqram altında ifa edən “müğənni”lərə, həm də musiqi təhsili almış ifaçılara təsadüf olunur. Onlar notla ifa edə bilir, partitura qiraətini bacarır  və yüksək ifaçılıq ustalığına malik olurlar.

           Ənənəvi estrada ifası müəyyən dəbə və musiqi əsərinin təqdim edilmə texnikasına uyğun olur. Musiqi qavrayışındakı həlimlik və anlaşıqlılıq öz təbiiliyi ilə əldə olunur. Mahnı folklor  ifaçılarının estrada-caz vokalına yiyələnmək istəyini bizim ölkədə musiqi sənətinə getdikcə artan maraqla izah edə bilərik. Burada çoxsaylı televiziya layihələrinin və daim artan tamaşaçı və internet reytinqlərinin rolu böyükdür.

         Amma qeyd edək ki, vokal dərslərdə xalq-mahnı repertuarının ifa təcrübəsinə malik müğənnilərlə məşğələlərə yönəldilən metodika bu günə qədər hələ işlənib hazırlanmamışdır. Məhz bu məsələ hazırkı problemin aktuallığını isbatlayır.        

            Haqqında söz açdığımız problemin tədqiqinə başlayarkən tələbələrin ilk növbədə vokal bazasına, onların təməlinə  nəzər yetirilməlidir. Çünki bu bazanın zəminində estrada - caz ifaçılıq sənətinə yiyələnmə prosesi həyata keçiriləcəkdir. Bununla bərabər nəzərə almaq lazımdır ki,  hazırkı dövrdə xalq vokal ifaçılığında iki əsas istiqamət formalaşmışdır. Bunları şərti olaraq autentik (folklor) və konsert-səhnə istiqaməti kimi ifadə etmək olar.      

             Buna görə də, estrada-caz vokal ifaçılığına yiyələnən tələbə mütləq pedaqoji rəhbərlik tərəfindən yönləndirilməlidir. Müəllim dərs prosesini qurarkən öz ifaçılıq repertuarında olan xalq-mahnı nümunələrinə istinad etməlidir. Estrada-caz vokalın xalq musiqi ifaçıları tərəfindən mənimsənilmə prosesini nəzərdən keçirərkən gəlin biz xalq-mahnı ifaçılığının autentik istiqamətinin xarakteristikasından başlayaq.

       Bu istiqamətin konsert-səhnə ifaçılığından fərqi ondan ibarətdir ki, bu istiqamət ölkəmizin bu və ya digər regionunun mahnı ənənələrinə və onun ifaçılarına maksimal dərəcədə yaxındır. Estrada-caz vokal üzrə təhsil alan tələbələrin müəllimləri qarşısında duran əsas məsələ - ifaçılıq təcrübəsidir. Bu ifaçılıq təcrübəsi hazırkı istiqamət kontekstində formalaşmışdır və ondan ibarətdir ki, müğənnilər özləri üçün prinsip etibarilə yeni olan vokal tərzin mənimsənilməsinə qədəm qoymamışdan əvvəl, artıq müxtəlif regional və lokal xalq-mahnı ənənələrinə əsaslanan ifaçılığa yiyələnirlər.

        Odur ki, onlardan hər biri üçün individual inkişaf trayektoriyası düşünülməlidir. Tələbələrin ifaçılıq təcrübəsi maksimal dərəcədə nəzərə alınmalıdır. O cümlədən, onların qarşısında vacib bir məsələ durur ki, bu da bacarıq, səriştə, vərdiş və təcrübəyə yiyələnməkdir. Lakin tələbənin ifaçılıq cəhətdən inkişafının personal trayektoriyasının müəyyənləşdirilməsi vokal üzrə dərs deyən müəllim üçün fövqəladə dərəcədə çətin bir məsələdir.

         Məlum olduğu kimi, mahnı foklorunun öyrənilməsində nəzərdən keçirdiyimiz autentik istiqamət səsyazma aparatının yaranması ilə bağlı olmuşdur. Həmin zamandan bəri alimlər xalq musiqisinin müxtəlif regionlarda xarakterik xüsusiyyətlərinin üzə çıxarılması və öyrənilməsinə böyük yer verməyə başlamışlar. Ötən əsrin 40-cı illərindən başlayaraq folklorşünasların yerinə yetirdikləri geniş miqyasli işlər bu sahədə yeni kəşflərin tapılması ilə nəticələnmişdir. Onlar milli mahnı folklorunun konseptual tamlığının getdikcə genişlənən massivini izah etməkdə çətinlik çəkmişlər.

      Xalq-mahnı yaradıcılığının musiqi və üslub cəhətdən müxtəlif olması aydın görünür.  Etnoqrafik tədqiqatlarda başqa-başqa regionların musiqi folklorunun mürəkkəbliyi  və  bir-birinə oxşamamağı da qeyd olunur. Belə musiqi folklor nümunələrinin özünəməxsus, parlaq üslubunun öyrənilməsinə diqqət yönəldilmişdir.

      Qazax, Gədəbəy, Şəmkir aşıqlarını Şirvan aşıqları ilə nə dəyişik salmaq, nə də ki, bir tutmaq mümkün deyil. Onların hər biri  öz səciyyəvi xüsusiyyətlərinə malikdir.

      Musiqi-üslub baxımdan bu müxtəlifliyi, bu başqa - başqa əhval-ruhiyyəni yaradan “ifa”dır (şifahi mətnə münasibət, səs və artikulyasiyanın təqdim olunması). Məhz bu müxtəlif  “musiqi-üslub” xüsusiyyətləri “xalq mahnı ənənələri” məfhumunun əsasını təşkil edir. Bu isə öz növbəsində bütün xalq yaradıcılığını müəyyən edən cəhətləri şərtləndirir.

        Tələbənin xalq-mahnı repertuarının etnomusiqi sistem kontekstindəki mövcud çoxsaylı istiqamətlərindən hansına yiyələndiyini onun fərdi ifaçılıq təcrübəsi, vokal vərdiş və bacarıqları müəyyənləşdirir.

        Qeyd edək ki, bu istiqamətdə fəaliyyət göstərən müğənni-ifaçılar  iki registrə malik olmaları ilə fərqlənirlər (döş və baş registrləri, ən çox döş registrindən istifadə olunur). Onların diapazonu kifayət dərəcədə genişdir, səshasili açıqdır, vibrato yoxdur, dinamika dolğundur, aqogika praktiki olaraq mövcud deyil, dinamik çalarlar zəngindir. Bu və digər səciyyəvi xüsusiyyətlər xalq-mahnı ənənələrini təbliğ edib yaşadıb ifaçıların oxuma tərzinin xarakterik əlamətləridir.  

         Qeyd etmək lazımdır ki,  ənənəvi xalq ifaçılığında “səs idealı” deyilən bir anlayış mövcuddur. Azərbaycanda müxtəlif regionların mahnı folklorunun müxtəlifliyi xalq-mahnı ənənələrinin zənginliyindən irəli gəlir.   

          Estrada-caz vokal sinfində təhsil almağa gələn tələbənin hazırlıq dərəcəsi ilk məşğələlərdə keyfiyyət baxımdan bir qədər fərqli olur. Çünki onların ifaçılıq təcrübəsinin əsasını ilk əvvəl xalq ifaçılıq üslubu təşkil etmişdir. Xalq konsert ifaçılığı  elə bir janrdır ki, həm müstəqil estetik sistemə malikdir, həm də öz inkişaf xüsusiyyətlərinə və müasir mədəniyyətdə tutduğu mövqeyə sahibdir.

        Səhnənin öz qayda-qanunları vardır. Odur ki, müğənni bir konsert ifaçısı kimi öz yaradıcılıq fəaliyyətini professional musiqi sənəti hüdudlarında həyata keçirir. Müğənni onu müşayiət edən musiqiçilərlə, eləcə də auditoriya ilə xüsusi formalı kontakta malikdir. Məişət ifaçılığında bunlar nəzərdə tutulmamışdır.

         Xalq mahnı ifaçılığının üslub xüsusiyyətləri hər zaman axtarışlarla zəngin olmuşdur. Xalq ifaçılıq sənəti bizim doğma dilimizdə səslənir. Və bu xanəndəyə onun öz  ifaçılıq sənətini spesifik dialekt, diapazon, repertuar və janrlar sahəsində inkişaf etdirməyə imkan yaratmışdır. Yəni, qeyd olunan spesifik xüsusiyyətlərin heç birində məhdudiyyət yoxdur.   

         Dahi Bülbül Azərbaycanda professional vokal məktəbinin banisi olmaqla yanaşı eyni zamanda səhnə-konsert ifaçılıq sənətinin banisi hesab olunur. Xalq musiqi janrlarının parlaq ifaçısı olan Bülbül yaradıcılıq fəaliyyətinin sonrakı dövründə Avropa ifaçılıq məktəbinə keçid almışdır və milli ifaçılıq üsullarının ən gözəl növlərini Avropa və rus nümunələri ilə sintezləşdirmişdir.

        Bu mənada Bülbül dünya vokal təcrübəsində analoqu olmayan nadir, görünməmiş fenomendir. Bülbül klassik və xalq musiqi sənətinin sirlərindən yaxşı xəbərdar olan, ona elmi cəhətdən yiyələnən və onun qədir-qiymətini bilən sənətkarlardan idi. Müğənni öz ifası ilə xalq mahnılarını yeni intonasiya çalarları ilə zənginləşdirmişdir.

        O, Respublika musiqi elmi-tədqiqat kabinetinin yaradıcısı və rəhbəri olmuşdur. Konservatoriya daxilində yaradılan bu kabinet vokal sənətimizin klassik nümunələrinin tədqiqi ilə məşğul idi.

       Bütün bunlar xalq ifaçılığının konsert-səhnə fəaliyyətinə, onun sonrakı inkişaf prinsiplərinə öz təsirini göstərmişdir. Hazırda xalq ifaçılıq sənəti sahəsində konsert-səhnə mədəniyyətinə yiyələnmə prosesi bir sıra digər tədris müəssisələrində də həyata keçirilir.

       Vokal sənətinin  hazırkı növü Azərbaycan ənənəvi ifaçılıq sənətindən fərqlidir. Onun  başlıca prinsipləri içərisində aşağıdakıları qeyd etmək lazımdır: vibratodan mütləq qaydada istifadə, dinamik çalar və aqogikanın geniş tətbiqi, müxtəlif regional bölgələrin səciyyəvi dialekt tərzindən imtina, mahnı repertuarında “xalq ruhu”nda yazılmış bəstəkar mahnılarının geniş istifadəsi.

         Eyni zamanda qeyd etmək lazımdır ki, autentik və konsert-səhnə ifaçılıq üslublarını bir-birinə yaxınlaşdıran əsas xüsusiyyət – açıq səshasilinin ifadəsidir. 

          Yeni üslub istiqamətinin mənimsənilməsinə qədəm qoyan xalq-el müğənnilərinin vokal hazırlığının yuxarıda qeyd olunan səciyyəsini nəzərə alaraq estrada-caz vokal sinfinin müəllimləri tələbələrin səsinin inkişafında  bir-birindən fərqli  olan iki müxtəlif trayektoriya ilə rastlaşır.

         Bununla bərabər qeyd edək ki, estrada-caz vokal sənətində “səs idealı” məfhumu mövcud deyil. Bu janr ifaçının individual xüsusiyyətlərinə yönəlir. Buna baxmayaraq hazırkı sənət növünün ümumi səciyyəsinin bəzi xüsusiyyətlərini qeyd etmək olar.

       Belə xüsusiyyətlər içərisində üç registrin mütləq qaydada istifadəsi – döş, orta və baş registrləri, eyni zamanda səshasilinin yarıbağlı vəziyyətdə olması aiddir.

       Bundan başqa müxtəlif vokal texnikalarının tətbiqini, dinamik çalarların geniş amplitudasına yiyələnməyi, aydın tələffüz və artikulyasiyanı, vibratonun məhdud şəkildə tətbiqini (yalnız müəyyən uzunluğu olan səslərin sona çatmasına doğru istifadəsini) qeyd etmək lazımdır.

       Bu problemin nəzəri tədqiqi bizi bu qənaətə gətirib çıxarır ki, müğənni hazırlığı prosesi üzrə pedaqoji rəhbərlik zamanı xalq ifaçılıq sənətinə yiyələnmiş tələbə-müğənnilərin estrada-caz repertuarını mənimsəməsi pedaqoji tədris üsulları vasitəsi ilə mərhələ-mərhələ təşkil olunarsa, daha effektli nəticə verə bilər.

       Estrada-caz repertuarında xalq mahnı ifaçıları tərəfindən səsləndirilən və bu günümüzə çatan metodikanı biz 15 ildir ki, işləyib, başa çatdirmişıq və onu “Mədəniyyət və İncəsənət” Universitetinin “Estrada və populyar musiqi” kafedrasının musiqi fakultəsinin tələbələri ilə iş prosesi zamanı aprobasiyadan keçirmişik.

        Estrada vokal ifaçıları çox zaman caz vokalı əldə rəhbər tutur.  Caz vokalın başlıca xüsusiyyəti – improvizasiyadır. İmprovizasiyalılıq caz ifanın müəyyən üsullarına yiyələnməklə, səsə mükəmməl sahib olmaqla (əsasən səsin cəldliyi, oynaqlığı) əldə olunur. Eyni zamanda, ifaçı mükəmməl ritm hissinə və harmoniya duyumuna malik olmalıdır. Caz vokal ifaçı üçün səsin virtuozluğuna yiyələnmək son dərəcə zəruridir. İfaçının səsi – musiqi alətidir. İmprovizasiya etmək bacarığı, musiqini hiss etmək, həmkarlarını duymaq qabiliyyəti, mükəmməl musiqi eşitmə bacarığı – bütün bu cəhətlər  bizə vokal caz ifaçılığından sözün həqiqi mənasında zövq almağa imkan verir.

        Xalq mahnı repertuarına malik olan ifaçıların estrada caz üslubuna yiyələnmə metodikası dörd mərhələdən ibarətdir.

        Birinci mərhələ - xalq musiqi repertuarından estrada repertuarına tədricən keçid üzərində qurulmuşdur. Bu zaman ifaçının repertuarına elə mahnılar daxil edilir ki, açıq səslə xalq oxuma tərzi və estrada vokal sənətində kifayət qədər tez-tez istifadə olunan baş və döş səs registrlərinin deklamasiyalı-reçitativ üslubunun növbələşməsi özünü göstərir.

        Nümunə kimi “Yenə sənsiz bu axşam” mahnısını misal çəkmək olar (musiqi Ş.Axundova, söz M.Atəş). Bu mənada “Sən yadıma düşəndə” mahnısı da  səciyyəvidir (musiqi E.İbrahimova, söz D.Gədəbəyli). Belə ki, bu mahnıda da deklamasiyalı-nitq üslublu ifa tərzi özünü göstərir. Amma döş deyil, baş registrində və orta inkişaflı dinamika ilə təqdim olunur. Lakin eyni zamanda nəqaratda xalq ifaçılıq tərzində fraqment də vardır.

       Estrada-caz ifaçılıq tərzinin mənimsənilməsi zamanı tələbələrə xalq mahnı üslubuna yaxın olan bir sıra musiqi nümunələrini məsləhət görmək olar. Bunlardan “Reyhan” (musiqi F.Əmirov, söz T.Əyyubov), xalq mahnısı “Qurban adına” (estrada tərzində işlənmiş variant) qeyd oluna bilər.

       Etno-rok, etno-caz, folk-rok üslubunda fəaliyyət göstərən ifaçılarımızın repertuarı xüsusilə diqqətəlayiqdir. Xarici dildə olan bir sıra vokal nümunələrə də laqeyd qalmaq olmaz. Bunlar içərisində “Cranberries” rok-qrupunun repertuarından  “Zomby”, “D.Pontes”in repertuarından  “Cancao do mar”, eləcə də “Shocking Blue”nun repertuarından “Venus” mahnısı tövsiyə olunur.

      Estrada-caz ifaçılıq tərzinə yiyələnməyin ikinci mərhələsini şərti olaraq açıq səshasilindən yarıaçıq vəziyyətə keçid kimi qeyd edə bilərik. Bu proses tədricən həyata keçirilir. Lakin çox vaxt uğursuzluqla nəticələnir. Çünki bu ifaçılıq tərzləri arasındakı fərq o  dərəcədə də əhəmiyyətli deyil. Bunun nəticəsində tələbə çox vaxt  öyrəşdiyi səs aparatını  açıq səshasili ilə “pozur”. Buna yol verməmək üçün tələbənin diqqətini tamamilə əks ifaçılıq tərzinə  - akademik üsluba yiyələnməyə yönəltmək lazımdır.

       Onun əhəmiyyəti ondadır ki, tələbələr burada qapalı səs texnikasına yiyələnə bilsin. Məlum olduğu kimi, xalq mahnı ifaçılığının əsas əlaməti açıq səshasilindən ibarətdir. Akademik vokal ifaçılığında qapalı, estrada-caz ifaçılığında isə yarıqapalı səs texnikasından istifadə olunur.

        Hazırkı mərhələdə tədris repertuarının təcrübəsinə müzikllərdən ariyaların daxil edilməsi məqsədəuyğundur. Onların ifası hazırkı dövrdə estrada - caz vokal ifaçıları üçün vacibdir. Belə material üzərində gedən məşğələlər həm səshasilinin qapalı üsulunu mənimsəməyə imkan verir, həm də tələbənin ifaçılıq diapazonunun genişlənməsinə, səsin bütün registrlərindən istifadə bacarığının formalaşmasına, registrlər arasındakı “bənd”lərin səlisləşdirilməsinə, vibratonun tətbiq olunmasına şərait yaradır.

         Estrada-caz ifa tərzinin mənimsənilməsində üçüncü mərhələ - cazla bağlıdır. Onun əhəmiyyəti ondadır ki, tələbələr burada caz ifaçılığında tətbiq olunan vokal üsullara yiyələnə bilsin. Caz üslubunun repertuara məhz üçüncü mərhələdə daxil edilməsi kifayət dərəcədə məntiqlidir. Çünki xalq musiqi ifaçıları artıq öz repertuarlarında onlara yaxşı tanış olan improvizasiya qaydalarına və musiqi materialının yaradıcı surətdə variasiya olunmasına yaxşı bələddir.  

         İkinci mərhələ zamanı onlar tərəfindən mənimsənilən qapalı oxuma tərzi caz repertuarının ifasına onun yazılmış olduğu original dildə asanlıqla  keçməyə imkan verir. Bu isə öz növbəsində Azərbaycan dilindən fərqli olaraq daha “qapalı” və “dərin” artikulyasiyanı nəzərdə tutur.

          Hazırkı mərhələdə ifaçının repertuarı caz nümunələri ilə zənginləşir ki, nəticədə tələbələr vokal üslubun bir sıra üsullarına, o cümlədən,  svinq, sərbəst ritmika, vurğulu off-beat, melizmlərdən bol istifadə, blüz ladı və caz üçün səciyyəvi intervallara yiyələnməyə kömək edir. Səsin bütün registrlərdə işlədilməsi və  ifaçılıq diapazonunun daha  çox genişləndirilməsi müəllimin diqqət mərkəzində durur. Döş registrində yaxşı öyrənilən musiqi nümunələrinin işlədilməsinə də yer ayırmaq vacibdir.

       Xalq-mahnı repertuarlı ifaçılar tərəfindən estrada-caz ifa tərzinin mənimsənilməsini dördüncü mərhələdə artıq estrada-caz olaraq ifadə etmək mümkündür. Təhsilin bu mərhələsində bundan əvvəl əldə olunan bütün bacarıq və qabiliyyətlərin sintezi həyata keçirilir, eyni zamanda estrada vokalın məqsədyönlü və ardıcıl şəkildə mənimsənilməsi yerinə yetirilir.

       Estrada ifasının başlıca xarakteristikası onun danışıq intonasiyalarına yaxın olmasıdır. Bu cür səshasilini nəzərə alaraq müğənninin repertuarına müasir milli estrada nümunələri daxil edilir. Bu nümunələr deklamasiyalı və kantilenalı səshasilinin növbələşməsi üzərində qurulmuşdur. Dinamika və diapazon etibarilə son dərəcə müxtəlifdir, caz üslubu və melizmatika baxımdan özündə cürbəcür elementlər cəm edir, ifaçıda ifadə səlisliyini, diksiyanın və artikulyasiyanın aydınlıq dərəcəsini yaradır.

       Təhsilin bu mərhələsində tələbələr tərəfindən vibrato üsuluna yiyələnilməsinə davam etdirilir. Çünki onun mənimsənilməsi bir qayda olaraq, çətinliklər yaradır və repertuardakı müxtəlif üslublu əsərlərin üzərində iş tələb edir.

      Əvvəllər autentik xalq musiqi ənənəli ifa ilə məşğul olan tələbələrin bir qayda olaraq göstərilən üsulun tətbiqi sahəsində təcrübəsi yoxdur. Odur ki, müəllim qarşısında belə bir vəzifə durur: tələbəyə vibrato üsulunu öyrətmək, bu üsulu estrada-caz vokalın tələblərinə müvafiq qaydada tətbiq etmək.

       Əgər tələbə əvvəllər xalq üslublu konsert-səhnə vokalına yiyələnmişdirsə, müəllim bu zaman vibratonun akademik ifasının daimi istifadəsini nəzərə almalıdır.  Bu zaman bəm səslərdə bu üsul geniş, “hərəkətə gətirilmiş” vibratoya çevrilir. Zil səslərdə isə yüksək tezlikli, cingiltili şəkildə özünü göstərir. Belə olduğu halda onu  “qıvırcıq” termini ilə ifadə etmək lazımdır. Amma belə hala yol verməməkdən ötrü bu cür ifaçılara “açıq” vibratosuz səsə yiyələnməyi öyrətmək lazımdır.

       Təhsilin sonunda müəllimlərin fikrinə əsasən,  tələbələr öz ifaçılıq arsenalında həm geniş səs diapazonuna malik olur, həm də öz ifaçılıq ehtiyatının bütün registrlərindən səmərəli istifadə edə bilir. Bu zaman bütün həcm uzunu vibratonun qüsursuz, düzgün tətbiqini nümayiş etdirir, eyni zamanda estrada- caz repertuarının ifası üçün zəruri olan müxtəlif vokal üslubların başlıca texniki üsullarına yiyələnir.   

       Sonda ümumiləşdirmələr apararaq qeyd etmək lazımdır ki, xalq mahnı ifaçıları tərəfindən estrada-caz vokal üslubunun bizim təklif etdiyimiz bir şəkildə - yəni, mərhələ-mərhələ mənimsənilməsi ilk dəfə olaraq vokal ifaçılığındakı iki üslub istiqamətinin qovuşduğu bir nöqtədə həyata keçirilmişdir və həm elmi-praktiki, həm də nəzəri cəhətdən geniş perspektivlərə malikdir.

                                          Köməkçi sözlər:

Autentik – musiqi ifaçılığında hərəkət deməkdir. Yəni, keçmiş dövrün musiqi səslənməsinin yenidən dəqiq canlandırılmasını öz qarşısına məqsəd qoyur, müasir ifa ötüb keçən (tarixi) təsəvvürlərə müvafiq olaraq yaradılır.   

Aqogika – musiqi ifaçılıq sənətində bədii ifadəlilik məqsədi ilə temp və metr baxımdan bir balaca kənara çıxma (sürəti azaltma, artırma) deməkdir.

 

İstifadə olunmuş ədəbiyyat

 

  • Джафарова Н. Бюль-бюль - выдающийся вокалист азербайджанской исполнительской культуры (https://cyberleninka.ru/article/n/byul-byul-vydayuschiysya-vokalist-azerbaydzhanskoy-ispolnitelskoy-kultury)
  • Гаджибеков Уз. О музыкальном искусстве Азербайджана. Баку: Азернешр, 1966.
  • Гамидов К. Бюль-Бюль - певец и выдающийся педагог. Баку, 1963
  • Зохрабова Л.Р. Исторические песни Азербайджанской народной музыки // Universum: Филология и искусствоведение: электрон. научн. журн. 2018. № 2 (48). URL: http:// com/ru/philology/archive/item/5523 (дата обращения: 21.03.2020).
  • Дмитриев Л. Б. Основы вокальной методики. М.: Музыка, 2010.
  • Шамина Л. В. Основы народно-певческой педагогики : Учеб. пособие, М. : Графика, 2010
  • Коробка В. И. Народная манера пения в популярной музыке, М.: Рекорд, 1989

Məqaləni hazırlayıb:

İNARƏ BABAYEVA

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin, Estrada və Populyar Musiqi kafedrasının dosenti.

Top