Azərbaycan Qoşulmama Hərəkatının ən fəal üzvüdür

15 Oktyabr 2021

120 üzv, 17 müşahidəçi ölkə  və 10 müşahidəçi təşkilatı birləşdirən, BMT–dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunan Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı hesab olunur. Qoşulmama Hərəkatının institusional əsası isə Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr  1961-ci il tarixində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində  təşkil olunmuş Zirvə Görüşündə qoyulmuşdur. Qoşulmama Hərəkatının əsas  məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də insan hüquq və azadlıqlarına hörmət etmək, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət etmək, bütün irqlərin və xalqların bərabərliyini  tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmamaq, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etməkdir.

Qoşulmama Hərəkatının ən ali toplantısı QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü  hesab olunur. Ölkəmiz  26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Bakı 25-26 oktyabr 2019-cu il tarixində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. 25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına  təəssüflərini ifadə etmiş və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış etmişdir.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycan  Qoşulmama Hərəkatının işində həm bir üzv və həm də sədr kimi fəal iştirak edərək onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.

Elgün Abdulla

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top