Milli Məclisdə koronavirusa yoluxanlara pul verilibmiş

23 Noyabr 2021

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən iclasda Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Milli Məclisin bu gün keçirilən iclasında deputat bildirib ki, Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır.

BUNA DA BAX: Havanın temperaturu 10 dərəcəyədək aşağı enəcək - XƏBƏRDARLIQ

T. Kərimli qeyd edib ki, Milli Məclisdə ilk dəfə COVİD-19-a yoluxan şəxslərə 500 manat pul verilib: “Mən Milli Məclisin sədrindən ötən iclasdakı çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm. Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Nəinki sürücülərin əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, uzun müddət Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunub. Bir neçə yüz adama 500 manat məbləğində birdəfəlik yardımlar edilib. Milli Məclis xeyli dərəcədə qənaətlə işləyib. Bir müxalifət lideri bütün deputatları aşağıladı. Guya hər birimiz 200-300 minlik avtomobil istəyirik. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Məni deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan da üzr istəyirəm".

MM Sədri Sahibə Qafarova isə tövsiyə edib ki, sənədlərə əsaslanmayan, yanlış məlumatlar əsasında çıxışlar Milli Məclisdə səslənməsin, xalqa yanlış məlumat verilməsin.

Top