Konstruktiv əməkdaşlıq platforması

29 Noyabr 2021

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında dövlət başçısı İlham Əliyev öz çıxışında bildirib ki, artıq Zəngəzur dəhlizi reallığa çevrilib.

Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə olan Azərbaycanın məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kimi məsələlərin gündəmdə olması, xüsusilə Soçi görüşündən sonra Ermənistanın bu çağırışlara artıq müsbət reaksiyası Azərbaycanın qətiyyətli, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin nəticəsi olmaqla yanaşı, növbəti diplomatik uğurudur. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi rolunu daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaqdır. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdı. Bu Prezident İlham Əliyevin dəqiqliklə müəyyənləşdirilmiş uzaqgörən diplomatiyasının daha bir təsdiqidir. Aşqabad sənədində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusi məqam ondan ibarətdir ki, təbrik edən ölkələrin üçü - Qırğızıstan, Özbəkistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycanın əldə etdiyi qələbə qəbul olunur, post-müharibə dövründə atılan addımlar dəstəklənir və nailiyyətlərimiz individual olaraq dövlətlər, habelə beynəlxalq qurumlar tərəfindən də təqdir edilir.

Zirvə Toplantısında İƏT-ə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir. Görüşdə daha bir qürurverici məqam İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı ilə yaşandı. Belə ki, Tədqiqat Mərkəzinin Bakıda yaradılması təşəbbüsü ilə 2002-ci ildə Ümummilli lider Heydər Əliyev İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in çıxış etmişdi. Prezident İlham Əliyev Aşqabadda keçirilən İƏT-in XV Zirvə toplantısında da Azərbaycan xalqının maraqlarını əsas tutaraq dost və tərəfdaş ölkələrlə münasibətlərimizi daha da dərinləşdirdi. Ölkə başçısı tərəfindən

atılan addımların hər biri ikitərəfli və çoxtərəfli şəkildə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir ki, məhz bu amil də Azərbaycanın çıxdığı yolda prinsipial olduğunun göstəricisi olduğu qədər, strateji tərəfdaşlarına qarşı da sadiqlik nümayiş etdirdiyindən xəbər verir.

                                       Etibar Misirov

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top