Azərbaycan öz qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb 

14 Yanvar 2022

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bir hissəsinin  uzun müddət Ermənistan Terror dövləti tərəfindən işğala məruz qalması, məsələ ilə əlaqədar  beynəlxalq təşkilatların ikili standartlarla siyasət aparması, beynəlxalq hüququn bizdən tərəf olması, ölkəmizin iqtisadi-hərbi yüksəlişi, bununla paralel dövlətimizin daxili-xarici siyasətdəki uğurları və xalq-iqtidar birliyinin bizə verdiyi böyük imkanlar nəticəsində işğala son qoyulmuş və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə əks etdirən qətnamələrin icrası Azərbaycan Respublikası tərəfindən təmin edilmişdir. Ona görədə hal-hazırda Ermənistan öz acizliyini qəbullanaraq, sülh barədə düşünməyi əsas götürməli, hər hansı mənasız revanşist fikirlərin səsləndirilməsi əvəzinə öz gələcəyi barədə addım atmalıdır. Ölkəmizin mövcud siyasi infrastruktura və şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malik olması, ərazilərimizdə layihələri nisbətən daha qısa zamanda həyata keçirməyə bizə böyük imkanlar vəd edir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Avrasiyada mühüm əhəmiyyətə malik nəqliyyat və logistik qovşaqlardan birini yaratmağa, eynilə, qonşularımızında daxil olduğu 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verən, Bakı-Tiblisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq. Ümumilikdə, açıq dənizlərə çıxışı olmayan ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi əlbəttə ki, düşünülmüş bir siyasətin və Dövlət zəkasının nəticəsidir. Bütün bunlarla yanaşı, Azərbaycan yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda Şimal və Cənubu birləşdirən mühüm dəhlizdir. Belə ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmış və beləliklə, istər, Şərq-Qərb, istərsədə, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbacan vasitəsilə daşınacaq yüklərin həcmini artıraraq bizə böyük imkanlar bəxş edir. Eyni zamanda, beynəlxalq aləmdə  Azərbaycan yalnız tranzit ölkə kimi deyil, paraleldə bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi də tanınır.                                                                                                                Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə 3 böyük beynəlxalq hava limanı inşa edilir. Bunlardan birincisi-Füzuli şəhərindəki hava limanıdır. İkincisi- Zəngilan şəhərindəki hava limanı bu il və üçüncüsü- 2023-cü ildə  hazır olması planlaşdırılan Laçındakı beynəlxalq hava limanıdır. Bununla da Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.                                                                                           

İşğaldan azad edilmiş ərazilər xarici sərmayə üçün açıqdır. Belə ki, burada xarici investorların diqqətini cəlb edəcək bir neçə maraqlı, mühüm əhəmiyyətə malik sahələr mövcuddur. Torpaqların münbit olması xarici investorları kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsinə, həmin ərazilərin ecazkar gözəlliyə və əsrarəngiz təbiətə malik olması isə xarici sərmayəni turizm sektoruna yönləndirə və cəlb edə bilər. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur təkcə ölkəmizin deyil, eyni  zamanda, bütün regionun gözəl güşlərindən biridir, bu bizə çox real görünür. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.            

Xülasə Dövlətimizin siyasi-iqtisadi və hərbi-siyasi sahələrdəki uğurları bizə yeni uğurları hədəfləməyə və Azərbaycanı daha da gücləndirməyə imkan verir. Allah Dövlətimizi qorusun!

Vüsal Hüseynli

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı,
3-cü dərəcəli dövlət qulluqçusu. Filoloq.

Top