Bu gün Milli Məclisə seçkilərin yekunları təsdiqlənəcək – Nəticələrin təsdiqlənməsi üçün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək   

25 Fevral 2020

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə bu gün yekun vuracaq.

Heftelik.az-ın məlumatına görə, məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə salınıb.

Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən 2020-ci il fevralın 9-a keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq ediləcək, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlər Konstitusiya məhkəməsinə təqdim ediləcək.

BUNA DA BAX: Ərdoğan gəldi

MSK Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri təqdim etdikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlamalı və yekun vurmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Şərh vermək üçün giriş edin
Top