Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

31 Mart 2020

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir. Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu videokonfrans vasitəsilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, növbəti qəbul zamanı 30-a yaxın rayon sakininin müraciətləri diqqətlə dinlənilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər verib.

Qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə - elektron videoqəbulun tətbiqinə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Videokonfrans zamanı şəhər rəhbəri sakinləri maarifləndirmək məqsədilə koronavirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini sakinlərin nəzərinə çatdırıb və bu tövsiyələrə əməl olunmasının insanların sağlamlığı baxımından önəmini izah edib.

Şərh vermək üçün giriş edin
Top