Ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyətində ordu quruculuğu birinci yerdədir

27 İyun 2020

Azərbaycanda ordu quruculuğu faktiki olaraq 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra başladı. Bir neçə gün əvvəl 16-cı ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş özünü bir çox məsələlərdə, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında göstərdi. Ümummilli lider Heydər Əliyevin dövlət, cəmiyyət, eləcə də dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi, digər tərəfdən bu böyük şəxsiyyətin dahi praktik və güclü nəzəriyyəçi olması ordu quruculuğu məsələsində də müsbət nəticələr ortaya qoydu. Vaxt darlığına və resurs məhdudluğuna baxmayaraq, böyük çətinliklər içərisində Heydər Əliyev qısa müddətdə Azərbaycan Ordusunun formalaşdırılmasına nail ola bildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən gördüyü işlərin böyük rolu oldu. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin fəaliyyətə başlaması, ulu öndər tərəfindən azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ayrı-ayrı hərbi məktəblərinə oxumağa göndərilməsi 1993-cü ildə yaradılan Azərbaycan Ordusunun peşəkar kadrlarla təmin olunmasında mühüm rol oynadı. əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur. Bu, Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə hesablanmış addımlar atması ordumuzun yüksək səviyyəyə gəlib çatmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır" tezisi qısa müddətdə öz təsdiqini tapmışdır. İndi Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, modern maddi-texniki təchizata, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlər zaman keçdikcə ordunun döyüş ruhunun yüksəlməsində və əzmkarlığının artmasında özünü büruzə verir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini gücləndirir. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Silahlı Qüvvələrin sıralarında hərbi xarakterli cinayətlərin, xüsusən də fərarilik hallarının azalması da məhz ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.

Bütün qeyd etdikləri bir daha onu sübut edir ki, Ali Baş Komandanın 1 əmri bəsdir ki,Şanlı Ordumuz tərəfindən ermənilər darmadağın edilsin.

 İsmayıl Hüseynli

Yevlax Şəhər Bələdiyyəsinin sədri, Gənc fəal

Şərh vermək üçün giriş edin
Top