Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

31 İyul 2020

Həmişə Azərbaycan xalqının qəhrəmanlığı dillərə dastan olmuşdur. Bu ənənə XXI əsrdə də davam edir. Gözəl yurdumuzu, mədəniyyət xəzinələrimizi, dilimizi, mənəviyyatımızı qoruyub yaşatmaq üçün bu gün bütün cəbhə boyu mərd oğullarımız düşmənlə üz-üzə durub qəhrəmancasına mübarizə aparırlar.
Bu gün azərbaycanda aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi - texniki təchizat səviyyəsi, nizam- intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən əsas məqam ondan ibarətdir ki, bu gün Azərbaycan xalqının orduya böyük inamı var. Bu olduqca mühüm bir amildir . Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün ordumuz öz gücünə görə dünyada 50-ci pillədə qərarlaşır. Dövlətimizin bu gün prioritet hədəfi işğal olunmuş torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Xüsusi ilə bu gün ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi istiqamətində göstərdiyi diqqət və qayğı sayəsində Silahlı qüvvələrimizin döyüş ruhu olduqca yüksəkdir və ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Müharibədə döyüşdə var, şəhidlik də var. Vətənə görə döyüşmək , torpaqlarımızı geri qaytarmaq üçün döyüşmək, ölümdən qorxmamaq bu gün bütün Azərbaycan gəncinin arzusu olmuşdur. Mübariz İbrahimov, Fərid Əhmədov, General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi oğullarımız vətən uğrunda qorxmadan döyüşmüş və şəhidliyi özləri seçmişdilər. Onların şəhidlik yolu gəncliyimizə nümunədir.
İstər aprel döyüşləri zamanı, istərsə də Tovuz rayonu istiqamətində atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Azərbaycan Silahlı qüvvələri öz üstünlüyünü təstiq etdi. Bu əməliyyatlar yaddaşlarda şanlı tarixə çevriləcək. Bu döyüşlər tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyin göstəricisi kimi düşdü .
Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu gün hər bir Azərbaycan vətəndaşı öz prezidentinə, öz ordusuna güvənərək qələbənin uzaq olmadığını hiss edir. Çünki Azərbaycan bu gün xalqla iqtidarın birlikdə addımladığının simvoluna çevrilmiş bir ölkədir.Son hadisələr bir daha bunu sübut etdiki, vətəndaş öz dövlətinə, dövlət də öz vətəndaşına güvənir.

Aygün Qasımova
Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru 

Top