İşğalçıya təəssüf doğuran dəstək

15 Avqust 2020

Son zamanlar Tovuz təxribatı və təxribat zamanı Ermənistan ordusunun hansı dövlətlərlə hərbi sahədəki əməkdaşlığı gündəmdədir. Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və birmənalı şəkildə təxribata təkan vermək deməkdir. Bu isə münaqişənin beynəlxalq hüququnum norma və prinsiplərinə imkan vermir. İşğalçı ölkəni silahlandırmaq mövcud status-kvonun saxlanmasına xidmət edir. Faktlar onu təsdiq edir ki, Rusiya və Serbiya işğalçı Ermənistanı silahlandırmağa davam edir. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi siyasi əməkdaşlığın üzərində qurub .Ermənistan Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə təhlükəsizlik sahəsində münasibətləri inkişaf etdirməyə cəhd etmişdir. Lakin Ermənistan Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində əməkdaşlıq perspektivi yüksək olmayıb.
Azərbaycan dövlət sərhədinə hücum cəhdi zamanı işğalçının Serbiya istehsalı olan silahlardan istifadə etməsi rəsmi Bakının haqlı olaraq sərt təpkisinə səbəb olmuşdu. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində bir növ çaşqınlıq yaratdı. Bunun da özünəməxsusluğu ondan ibarət idi ki, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Elə bu faktı göstərə bilərik ki, Azərbaycan son vaxtlarda koronovirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bu faktla əlaqədar olaraq iyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Vinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərilməsini qarşı tərəfə bildirib. O, həmçinin Ermənistan hərbi qüvvələrinin Tovuz istiqamətində təcavüzkar hücumu zamanı müxtəlif kalibrli minaatanlardan istifadə etməklə, sərhədyanı yaşayış məntəqələrini atəşə məruz qoyduğunu vurğulayıb. Eyni zamanda bildirib ki, Serbiyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf hissi doğurub.
Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajiç bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. O bildirib ki, Azərbaycan hakimiyyəti nümayəndələri ilə danışmalı, gələcəkdə bənzər hallara yol verilməməsi üçün əllərindən gələni etməlidirlər. Avqustun 7-də isə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifade etməsindən təəssüf hissi keçirdiyini bildirib.
Xüsusilə qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etdiyi bir vaxtda Moskvadakı hərbi elitanın Ermənistana silah satışı təəccüblü və təəssüf edicidir. Axı bu o Ermənistandır ki, ölkəsində rusdilli məktəblər ilbəil bağlanmaqda davam edir, Rusiya TV kanallarının ölkədəki yayımına qadağa qoyulur, müxtəlif piket və mitinqlər zamanı Rusiyanın dövlət başçısına qarşı tənqidi fikirlər səsləndirilir. Bu o Ermənistandır ki, Ukrayna və Gürcüstanda, Cənubi Qafqazda məhz Rusiyaya qarşı ciddi təxribat planları işə salınmaqdadır. Belə olan təqdirdə Rusiya tərəfindən 400 ton silahın Tovuzda döyüşlərin getdiyi bir vaxtda Ermənistan hərbçilərinə ötürülməsi hansı məntiqə sığır? Silahlandırma prosesi davam etdikcə işğalçıya dəstək davam etdirilir. Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satılır. Bu da aciz Ermənistan dövlətinə olduqca ucuz başa gəlir.
Prezident İlham Əliyev növbəti dəfə hər kəsə əsas prinsipini, Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyini göstərdi. Prezident İlham Əliyev bir daha sübut etdi ki, işğal altındakı Qarabağ və digər ərzilərlə bağlı mövqeyi qətidir. Dövlət başçısının bu cür qəti mövqeyi dəfələrlə ən yüksək tribunalardan səsləndirilib. Bu qəti mövqeyi avqustun 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib ətraflı danışması bir daha sübut etdi. Prezident İlham Əliyev Prezident Vladimir Putinə Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təcavüz aktı törətdiyini və nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Bundan başqa, Ermənistan- Azərbaycan sərhədində toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatçılıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Nərmin Fərzəliyeva

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı 

Top