Güclənən Azərbaycan

15 Sentyabr 2020

Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsulu ixrac edilsin. Biz təbliğat işlərimizi düzgün qurmalıyıq.  Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük.

Hüseynova Aynurə

Yevlax  şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən

Uşaq Gənclər İdman Məktəbində baş təlimatçı

Top