Xalqın dəstəyi Dövlətimizin tükənməz gücünün mənbəyidir

19 Noyabr 2020

Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.

Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.

Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır.

Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.

 İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. 

Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan  ölkənin ordusudur. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır.

44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Çünki bu şanlı qələbə həm Azərbaycan xalqının, həm Dövlətimizin, həm Milli Ordumuzun Ali Baş Komandanımız İlham Əliyevin ətrafında yumruq kimi birləşərək əldə etdiyi haqlı qələbəsidir .

Nərmin Fərzəliyeva

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top