Tolerantlıq  Azərbaycan  Respublikasının  dövlət  siyasətidir

04 Mart 2021

Dünyada  dini  ayrı – seçkiliyin  gücləndiyi  və  dini  zəmində  qarşıdurmaların  artdığı  bir  dövrdə  tolerantlıq  Azərbaycanda dövlət  siyasətinin  əsas  tərkib  hissəsinə  çevrilmişdir.  Bu  gün  dünya  ölkələrində  demokratik  dəyərlərdən  biri  kimi  təbliğ  olunan  dini  dözümlülük  və  birgəyaşayış  prinsipləri  xalqımızın  əsrlər  boyu  formalaşan  və  bir  çoxlarına  örnək  olan  xarakterik  xüsusiyyətidir  və  bu  inkaredilməz  bir  həqiqətdir. 

Azərbaycanda  kilsə  və  sinaqoqlarla   yanaşı  bir  çox  xristian,  yəhudi  dini  tədris  müəssisələrinin  sərbəst  şəkildə  fəaliyyət  göstərməsi,  onlara  dövlət  tərəfindən  lazımi  dəstək  verilməsi  də  bunun  əyani  sübutudur. Bir  çox  ölkələri öz  ağuşuna  almış  arzuolunmaz  proseslərin  fonunda  ölkəmizdə  azərbaycançılıq  məfkurəsinin,  milli – mənəvi,  dini  dəyərlərin,  tolerantlıq  siyasətimizin təbliği  və  daha  da  möhkəmləndirilməsi,  eləcə  də  bu mühitin  qorunub  saxlanılması  Prezident  İlham  Əliyevin  daim  diqqət  mərkəzindədir və  ölkəmizdə  yaşayan  hər  bir  xalqın  nümayəndəsi  həyatının  hər  anında  bunları  hiss edir.

 Ölkəmizin  əlverişli  coğrafi  şəraitdə  yerləşməsi  və  zəngin  təbii  ehtiyatlara  malik  olması  hələ  qədim  zamanlardan  burada  müxtəlif  dinlərə  etiqad  göstərən  xalqların  yaşamasına  səbəb  olmuşdur. Tarixən  dinlərin  və  mədəniyyətlərin  qovşağı  olmuş  Azərbaycan bu  gün  də  eyni  funksiyanı  uğurla yerinə  yetirir.  Hazırda  Azərbaycan  əhalisinin  tərkibi həm  etnik,  həm  dini,  həm  də  məzhəb  baxımından  çox  zəngindir. Müxtəlif  tarixi  dövrlərdə  etnik  və  dini  icmalar  arasında  möhkəm  dözümlülük  əlaqələri  formalaşmış,  milli, irqi  və  dini  zəmində  heç  bir  ayrı – seçkilik  hallarına  yol  verilməmiş  və  heç  bir  ayrı – seçkilik  faktı  qeydə  alınmamışdır. Fərqli  dini  konfessiyaların  nümayəndələri  hər  zaman  Azərbaycan  xalqı  ilə  həmrəy  olmuş,  vahid  Vətənimizin azadlığı  və  firavanlığı  uğrunda  birgə  mübarizə  aparmışlar.

 Azərbaycanın  azadlığı  və  bütövlüyü  uğrunda  vuruşmuş,  bu  yolda  canından  keçmiş  müxtəlif  dini  təriqətlərə  mənsub  vətəndaşlarımızın  da  uyuduğu  “Şəhidlər  xiyabanı”  bu  gün  təkcə  bizim  and  yerimiz  yox, həm  də  qardaşlığımızın  və  birgəyaşayışımızın,  tolerantlığımızın  simvoludur.

 Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  xalqının  bu  xarakterik  keyfiyyətini  çox  gözəl  ifadə  etmişdir: “Hesab  edirəm ki, Azərbaycan  xalqı  özlüyündə,  təbiətinə  görə,  öz  xarakterinə  görə  yüksək  tolerantlıq  hissinə  malikdir.  Azərbaycan  əhalisinin  çox  hissəsinin  etiqad  etdiyi  müsəlman  dinində,  onun  kökündə  də  tolerantlıq var”. 

 Bu  gün  qətiyyətlə  deyə  bilərik  ki, Tolerantlıq  Azərbaycanda  dövlət  siyasətinin  əsas  tərkib  hissəsidir. Bu  gün  möhtərəm  Prezidentimiz  Cənab  İlham  Əliyev  bu  istiqamətdə  çox  mühüm  işlər  görür. O,  çıxışlarının  birində  belə  demişdir: "Bu  gün  Qərbdə  tolerantlıq  ənənələrinin təbliğini  və  yayılmasını  əhəmiyyətsiz  hesab  edənlər  də  var. Lakin  tolerantlıq  hüquqi  dövlətin  yox,  mədəni  və  mənəvi  cəhətdən  inkişaf  etmiş  cəmiyyətin  məhsuludur.  Bu  gün  Azərbaycan  və  azərbaycanlıları  fərqləndirən  xüsusiyyət  də  məhz  budur”

 Coğrafi  baxımdan  Avropa  və  Asiya  qitələrinin  sərhədində  yerləşən  müasir Azərbaycan  bu  gün  etnoqrafik  rəngarəngliyi,  zənginliyi  ilə  seçilir.  Ölkəmizdə  Azərbaycan  türkləri  ilə  bərabər  dağ  yəhudiləri,  tatlar,  talışlar,  kürdlər,  molokanlar,  inqloylar,  saxurlar,  avarlar,  ləzgilər,  xınalıqlar,  buduqlular,  qırızlar  və  udinlər  kimi  qruplar  yaşayırlar. Onlar  bu  günə  qədər  özlərinə  məxsus  fərqli  mədəniyyət,  məişət  elementlərini  qoruyub  saxlayırlar. Azərbaycan  tarixən  unikal,  çoxmillətli  cəmiyyət  olduğu  üçün,  bu  multimədəniyyətli,  multietnik  irsi  bu  gün  də  Azərbaycanda  qorunub  saxlanılmaqdadır.

 Ölkə  başçısı  Cənab  İlham  Əliyevin  yerli  və  xarici  media  nümayəndələri  üçün  keçirdiyi  mətbuat  konfransında  35 – dən  artıq  media  orqanlarının  ünvanladığı  50 – yə  yaxın  sualın  mahiyyətinə  diqqət  yetirdikdə  biz  Cənab  Prezidentin  verdiyi  cavablardan  görürük  ki,  Azərbaycanda,  eləcə  də  regionda  yeni  bir  reallıq  yaranıb.  Mətbuat  konfransında  Möhtərəm  Prezidentimiz  bir  daha  region  üçün,  bölgə  üçün  diqqət  çəkən  bir  məqamı  xüsusi  vurğuladı: Artıq  bundan  sonra  hər  iki  xalq  sülh  şəraitində  yaşamalıdırlar. Bu  gün  də  “Azərbaycanda  minlərlə  erməni  yaşayır,  onların  bütün  hüquqları  qorunur. Ermənilər  uzun  müddət  ərzində  azərbaycanlılarla  əmin-amanlıq  şəraitində yaşayıblar. Ölkəmizdəki  bütün  millətlər  bərabər  hüquqlara  malikdirlər.  Qarabağda  yaşayan ermənilər  də  Azərbaycanın  vətəndaşlarıdır  və  onların  hüquqlarının  qorunmasına  dövlətimiz  təminat  verir”.  Bu  gün  Azərbaycanın  yaratdığı  reallıqlarla həm  Ermənistan,  həm  də  digər  dövlətlər  barışmalı  və  hesablaşmalıdırlar.  Elə  bilirik  ki, əsl  reallıq,  əsl  həqiqət  budur.  Xalqımız  sülhsevər  xalqdır  və  əminik  ki,  dövlətimizin  apardığı bu  siyasət  bölgəyə  və  regiona daimi  sabitlik  və  sülh  gətirəcək.

cavid

Cavid Şirinov

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top