Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artır

15 Oktyabr 2021

“Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”.

Heftelik.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında bildirib.

BUNA DA BAX: Azərbaycanda gündəlik peyvənd olunanların sayı yenə azaldı

O, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlərin olduğunu bildirib.

Erkin Rəhimov Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başladığını da qeyd edib: "Bunun səbəbləri var. Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

Onun sözlərinə görə, 1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur və xəstəliyi ağır keçirirlər: "Körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur. Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”."

Top