“Azərbaycanda “AstraZeneca” vaksininin vurulmasına hələlik başlanılmayıb” - RƏSMİ

06 Aprel 2021

“Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb”.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Avropa Dərman Agentliyinin "AstraZeneca" vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

BUNA DA BAX: Avropa Dərman Agentliyi "AstraZeneca" vaksininin ziyanlı olduğunu açıqladı - Azərbaycan da alıb

Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V. Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğu qənaətinə gəlib.

Top