"İnsan həyatı ilə belə oynamaq olmaz" - Vüqar Səfərli Ramiz Mehdiyev və Əli Həsənovdan danışdı

17 Sentyabr 2021

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Heftelik.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.

BUNA DA BAX: DTX-nin şöbə rəisi qadının qətlinə sifariş verib - TƏFƏRRÜAT

O, ifadəsinə ilk olaraq KİVDF-yə rəhbər təyin olunması barədə danışıb: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov məni qəbul etdi. Mənə bildirdilər ki, Əli Həsənov bizə nəzarət edəcək, nə lazımdırsa, deyəcək. Fondun fəaliyyət göstərməsi üçün ilk olaraq “8-ci kilometr” adlanan ərazidə zirzəmi təklif etdilər. Sonra dedilər ki, fond üçün uyğun yeri özünüz tapın. İlk olaraq "İçərişəhər"də üç otaqlı yerdə fəaliyyətə başladıq. Həmin yer çox dar idi. Bununla bağlı Əli Həsənova məruzə etdim. O, isə mənə Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzini təklif etdi. Gedib baxış keçirəndə həqiqətən də uyğun yer olduğunu gördüm. Binanın üçüncü mərtəbəsini bəyəndim. Dediyim kimi Əli Həsənovun məsləhəti ilə..."

Daha sonra təqsirləndirilən şəxs icarəyə götürülən yer üçün şişirdilmiş məbləğ verilməsi barədə danışıb: "Biz fəaliyyət göstərmək üçün yer götürdükdən sonra qiymətlərlə maraqlandıq. Dedilər, binanın hər kvadratına görə icarə haqqı 20-22 manat təşkil edir, ancaq sizə 18 manatdan verə bilərlər. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat verdim, bildirdilər ki, qiymət normaldır. Bizə vəsaiti Nazirlər Kabineti ayırırdı. Xərclər smetasına isə xəzinədar nəzarət edirdi. Bizə heç kim demədi ki, bahadır, irad tutan da olmadı. Biz də fikirləşdik ki, uyğundur. Yoxlama dövründə qeyd olunub ki, bazar qiymətlərinə görə icarə haqqı 12-13 manatdır. Sonra yazılıb ki, dövlət rüsumu 47 qəpikdir. Belə şey olar? Biz təkcə vergiyə 119 min 77 manat ödəmişik. Həmin vaxt mən etiraz etdim ki, yoxlama mənim iştirakım olmadan keçirilib.

2019-cu ildə Bilik Fondu fəaliyyətini dayandırdı. Əli Həsənov mənə dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yaz, xahiş et ki, Bilik Fondunun əmlakı bizə verilsin. Xahişimiz təmin edildi və əmlak bizə verildi. İcarə məsələsinə gəlincə, Maliyyə Nazirliyi bizə dedi ki, ilin ortası olduğu üçün vəsait ayıra bilmirlər, hələ ki öz imkanlarımız hesabına idarə edək, növbəti ildən vəsait ayrılacaq".

 

Vüqar Səfərli daha sonra ittihamda əks olunan ictimai-siyasi qəzet olmayan “Futbol+Qol” qəzetinə vəsait ayrılması ilə bağlı danışıb. O bildirib ki, qəzetlərə maliyyə ayrılması ilə bağlı qərarı fondun tərkibində olan Müşahidə Şurası verirdi: “Vəsait ayrılması üçün tələblər hazırlanaraq Müşahidə Şurasına təqdim olunur, onun əsasında da maliyyə ayrılırdı. Mən, sadəcə, icraçı olmuşam, qərarlara müdaxilə etməmişəm, sadəcə, iclaslarda iştirak etmişəm".

Daha sonra Vüqar Səfərli bildirib ki, qərarları Müşahidə Şurası qəbul etsə də, onlardan heç kim istintaqda dindirilməyib: "Müşahidə Şurasında keçirilən bütün iclasların videosu var. “Futbol+Qol” populyar qəzet idi, ona görə də pul ayrılıb. Hətta mən soruşdum ki, niyə ittihama salınıb bu hissə, dedilər həyat yoldaşınızın adına olduğu üçün araşdırılıb. 2017-2018-ci ildə iki dəfə ümumilikdə 20 min manat olmaqla qəzetə pul ayrılıb. Həmin vəsaitin ayrılması da Prezident Administrasiyası ilə məsləhətləsdirilib".

Daha sonra V. Səfərli bildirib ki, 2018-ci ilin sonunda Əli Həsənov ona bildirib ki, qəzetlərin keyfiyyətindən narazıdırlar: “Dedi ki, qəzetlərin tirajını artıraq, hansı qəzet rəqabətə dözsə, qalsın. Bundan sonra qəzet redaktorları mənə narazılıq etdi. Mən də bunu Əli Həsənova dedim. O isə mənə bildirdi ki, baş redaktorlarla görüşək. Qəzet rəhbərləri ilə Mətbuat Mərkəzində görüşümüz oldu. Görüşdə qərar verildi ki, yalnız ictimai-siyasi qəzetlərə maliyyə ayrılsın. Bu qərarla 8 qəzet kənarda qalaraq maliyyəsi dayandırıldı, digər qəzetlərin maliyyəsi isə artdı".

O, jurnalistlər üçün tikilən binalara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı verilən ittihama da aydınlıq gətirib. Vüqar Səfərli bildirib ki, həmin binaların tikintisi üçün ayrıca mütəxəssis götürülmüşdü: "Tikinti ilə bağlı qanunsuzluqların hamısını mənimlə əlaqələndirirlər. Yazırlar ki, qiymətlər şişirdilib. Binaların tikilməsi üçün tendir elan olundu. "Portos" MMC tenderin qalibi seçildi. Tikintini aparan şirkətə vəsait hissə-hissə ödənilib. İttiham aktını oxuyanda adamın başına hava gəlir. Mən ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürmüşəm. Onlar daha sonra neyniyiblər, bilmirəm."

V. Səfərli ayrılan vəsaitin nağdlaşdırıılmasına də aydınlıq gətirib: "Nəyə görə istintaq aydınlaşdırmır ki, pullar necə nağdlaşdırıılıb? Mənim 64 yaşım var, insan həyatı ilə belə oynamaq olmaz. Mən vəsaitin hardan gəlib hara getdiyini bilmirəm. O vaxt tikinti şirkətinin rəhbəri olan Ədalət Vəliyevin istintaqa ifadəsi var. O, tikinti zamanı 16 milyon ziyan vurduğunu etiraf edib, bildirib ki, həmin ziyan ziyana görə öz mülkünün müsadirə edilməsini istəyib. Daha sonra həmin mülk də müsadirə olunub. Mən ola bilər ki, tikinti zamanı məsuliyyətsizlik etmişəm. Mənim gedib materialların keyfiyyətinə baxa, suvaq ölçə bilməzdim. Hər şeyə Əli Həsənov nəzarət edirdi. Mən sadəcə gedib işlərin aparılmasını yoxlayırdım".

Daha sonra Vüqar Səfərli tikintiyə ayrılan pulları nağdlaşdırıb bank hesabına yerləşdirməsindən danışıb. Sabiq fond rəhbəri bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub: "Mən əvvəllər bizneslə məşğul olmuşam. Yazırlar ki, bank hesabımda 5 milyon manat olub. Mən öz hesabıma müəyyən məbləğdə pul yerləşdirmişdim. Həmin pul bankda qaldıqca üstünə depozit gəlirdi".

V. Səfərli ifadəsinin davamında istintaq zamanı heç kimlə üzləşdirilmədiyini deyib.

Prokurorun sualını cavablandıran Vüqar Səfərli bildirib ki, aparılan tikintiyə nəzarəti Bünyamin İsmayılov edib, qiymətlərin şişirdilməsi barədə ona məlumat verməyib.

Proses sentyabrın 21-də davam etdiriləcək.

 

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Top