Mediadan bir Səfərli keçdi... 

04 Aprel 2020

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad edilib.

 

Heftelik.az-ın məlumatına görə, Vüqar Səfərli Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı ilə yeni yaradılmış KİFDF-nin icraçı direktoru təyin edilib və bu günə qədər bu vəzifəni icra edib.

v 2

 

BUNA DA BAX: KİVDF-nin yeni icraçı direktoru kimdir? - “Gəmiçilik sahəsində xidmətlərə görə” medal alıb... -  DOSYE

 

Həyat yoluna nəzər salsaq, Vüqar Səfərli 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib.

Vüqar Səfərli 1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib.

1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib. 6 fevral 2006 – 27 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib. 1989-cu ilin fevral ayında Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 1990-cı ilin iyun aynıda yeni yaradılmış "Müştərilərlə iş qrupu"na 1-ci dərəcəli mühəndis (qrupun rəhbəri) vəzifəsinə keçirilib.

v 31991-ci ilin mart ayında Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təyin olunub. 1996-cı ilin noyabr ayından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri təyin olunub. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.07.2007-ci il tarixli 221 saylı sərəncamına əsasən "Azərmətbuatyayımı" İstehsalat Birliyinin "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22.08.2007-ci il tarixli MK-60 saylı əmrinə əsasən səhmdarların I ümumi yığıncağı çağırılanadək Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilib.

2003-cü ildə Rabitənin 85 illiyi münasibəti ilə "Rabitə ustası", 2005-ci ildə isə Azərbaycan Respublikası Prezindentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.

1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir.

11 ilə yaxın KİVDF-yə rəhbərlik etmiş Vüqar Səfərlinin adı daha çox jurnalist yazı müsabiqələri, qəzetlərə maliyyə yardımı ayrılması və nəhayət, jurnalistlər üçün tikilmiş iki binada mənzil bölgüsü ilə bağlı daha çox hallanıb, narazıların əsas tənqid hədəfindən biri olub. KİVDF-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi jurnalist yazı müsabiqəsində oğlunun plagiat yazı təqdim etdiyi halda birinci yeri tutması uzun müddət tənqid edilib, nazirlik də həmin müsabiqədən sonra KİVDF ilə əməkdaşlığı faktiki dayandırıb. Faktiki sahibi olduğu “Mövqe” qəzetinin Fondun müsabiqələrində hər il dövlət büdcəsindən ən çox maliyyə yardımı alan qəzetlər sırasına daxil edilməsi də narazılıqla qarşılanıb. Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov jurnalistlər üçün tikilmiş iki binada mənzil bölgüsündə faktiki söz sahibi olsa da, xüsusən ikinci binada hansısa QHT rəhbərlərinə və jurnalist olmayan müəyyən şəxslərə, o cümlədən yetərli stajı olmayanlara mənzil verilməsinə görə Vüqar Səfərli Əli Həsənovla birgə narazı şəxslərin ən çox şikayətləndiyi ikinci sima olub. Ancaq Vüqar Səfərlinin ikinci binada mənzil bölgüsü zamanı bəzi qəzet baş redaktorlarının katibələrini belə jurnalist kimi təqdim edərək bina alması preosesinə qarşı çıxdığı və bir neçə halda bunun qarşısını almağa nail olduğu xəbərləri də media cameəsində yayılıb.

Eyni zamanda Vüqar Səfərli media ilə əlaqələrdən yayınmayıb, jurnalistlərə dövrü olaraq açıqlama və müsahibələr verib. KİFDF-yə yönələn iradlara münasibət bildirməkdən də çəkinməyib. Bəzən bu açıqlamalara  xarakterindən irəli gələn müəyyən qədər "kobudluq" da hopub. Xüsusən deputat Fəzail Ağamalıya media üzərindən reaksiyası bu baxımdan diqqət çəkib. Eyni zamanda KİFDF-də də ətrafına Samir Mustafayev kimi media sahəsində böyük təcrübəsi olan, jurnalist camiəsində hörmətlə yanaşılan peşəkarları cəlb edib.

v 4

Nəhayət, sadalanan bir çox tənqidlərə rəğmən, Vüqar Səfərliyə 11 il KİVDF-yə rəhbərlik etmək sahəsində etimad göstərilib, idarəetmə sahəsində özünü müəyyən mənada təsdiqləyib və mediada bir Səfərli dönəmi yaşanıb...

v 5

 

 

Şərh vermək üçün giriş edin
Top