Dövlət Feldyeger Xidmətinin sabiq əməkdaşlarından Konstitusiya Məhkəməsinə müraciət – Qanunsuzluq var  

07 Avqust 2020

Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində uzun müddət işləyərək müxtəlif vaxtlarda pensiyaya çıxmış bir qrup şəxs Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olmaması barədə qərar qəbul edilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

BUNA DA BAX: Dövlət Feldyeger Xidmətinin sabiq əməkdaşları Baş Nazirə müraciət etdi

Məsələ ondadır ki, Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 01 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması bu şəzslərin pensiya təminatı hüququnun pozulmasına gətirib çıxarır. O da nəzərə alınmalıdır ki, Konstitusiyanın 130-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) isə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” qanuna görə, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın təsdiq edilməsi barədə 01 sentyabr 2015-ci il tarixli 290 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilib. Fərmanla təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Nazirlər Kabineti tərəfindən həyata keçirilir.


“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları haqqında” Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı “Əmək pensiyaları haqqında” qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanıb. Bu qaydalar Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Digər tərəfdən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 83.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.


Göründüyü kimi, qanunvericilik Nazirlər Kabinetinin qərarlarının rəsmi dərc olunması ilə bağlı müddəanı təsbit edir. Lakin Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarı rəsmi dərc edilmədən Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində uzun müddət işləyərək müxtəlif vaxtlarda pensiyaya çıxmış bir qrup şəxsə şamil olunub və nəticədə onların pensiya təminatı hüququmuz kobud şəkildə pozulub. Həm də nəzərə alınmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu Konstitusiya Qanununun 85-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Beləliklə, bütün bunlar göstərir ki, Konstitusiya və qanunlara uyğunluğunun yoxlanması tələb edilən Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarı heç bir hüquqi əsası olmadan qəbul edilib. Bu qərar onlarla pensiyaçının pensiya təminatı hüququnun düzgün təmin edilməsinə maneçilik törədir, həmçinin normativ-hüquqi aktlarla bağlı müəyyən edilmiş meyarlara uyğun olaraq dərc edilməyib, reyestrdə qeydiyyata alınmayıb və qanunvericiliyə zidd olaraq məxfiləşdirilib.
Bu insanların pozulmuş pensiya hüquqlarının bərpası ilə bağlı son sözü isə artıq Konstitusiya Məhkəməsi deyəcək.

Top