"Axı ölkədə hər kəs onlar kimi yaşamır..." - Deputatdan qiymət artımına etiraz

06 Yanvar 2021

"SOCAR-ın təklifi ilə Aİ-92 markalı benzin və dizelin qiymətinin artmasının iqtisadi əhəmiyyətini mübahisələndirmirəm. Lakin, bu təklifin yeri və zamanı idimi? Dövlət müharibənin vətəndaşın güzəranına mənfi təsirinə imkan verməsə də (bu qələbənin özü qədər ciddi uğur idi və açığı tarixdə belə nümunələr azdır), pandemiya artıq 10 aydır ki, vətəndaşın dolanışığını xeyli çətinləşdirib".

Heftelik.az-ın məlumatına görə, bu barədə deputat  Bəhruz Məhərrəmov "Facebook" səhifəsində yazıb.

BUNA DA BAX: Azərbaycanda benzin və dizel bahalaşdı

 

 

 Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin iqtisadiyyatı yox, insan amilini seçməsi, ciddi sosial paketlər reallaşdırması vətəndaşda böyük ümid yaradıb, vətəndaşın dövlətinə inamını daha da dərinləşdirib, insanlar pandemiyanın yaratdığı çətinliklərə səbrlə dözür: "Bu müstəsna etimad mühiti və fonunda qəflətən benzin və dizelin bahalaşması, SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi 5-10 milyonluq əlavə gəlir əsas məqsədi insan amili olan dövlətimiz üçün vətəndaş məmnunluğunu və etimadını əvəzləyə bilərmi? Əsla! Mən o qənaətdə deyiləm ki, artıma görə vətəndaş dövlətdən radikal formada narazı qalacaq, yaxud, etimad qırılacaq, qətiyyən yox, amma etiraf edək ki, vətəndaş Tarif Şurasının qərarından məmnun da deyil.

 

Nəzərə alsaq ki, Aİ-92 və dizel nisbətən az təminatlı insanlar tərəfindən, habelə ictimai nəqliyyat sektoru və kənd təsərrüfatında daha çox istifadə edilir, üstəlik, artım müəyyən sferalarda bahalaşmaya səbəb ola bilər, deməli Tarif Şurası qərarını iqtisadi cəhətdən əsaslandırsa da, pandemiya və postmüharibə dövründə qərarın yol aça biləcəyi sosial problemlər düzgün analiz edilməyib. Düzdür, müsbət haldır ki, hökumətin ictimai nəqliyyat və kənd təsərrüfatına əlavə subsidiyalar və s. kimi kompensasiya tədbirləri nəzərdə tutulub, lakin, bu tədbirlər özü də dövlət üçün əlavə yük deyilmi?

 

Özləri nə ictimai nəqliyyatdan, nə də Aİ-92 işlədən avtomobildən istifadə etmədiyinə, yaxud yeganə dolanışıq ümidi əkin-biçin olmadığına görə ola bilsin ki, qiymət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, lakin, axı ölkədə hər kəs onlar kimi yaşamır. Bu mənada Tarif Şurasına qiymətlərlə bağlı müraciət edərkən onlar öz reallıqları ilə bərabər cəmiyyətin də real durumunu nəzərə almağa borclu idilər.

 

Bütün bunları ümumiləşdirərək hesab edirəm ki, cənab Prezidentin sosial yönümlü və İNSAN amilinə yönəli siyasətini rəhbər tutaraq, Tarif Şurasının öz qərarına yenidən baxması və ya qərarın icrasını pandemiya dövründə, yaxud ən azından kompensasiya mexanizmi işə düşənə qədər təxirə salması məqsədəuyğun olar.

 

Həmçinin, təəssüflə qeyd edim ki, bəzi dairələr ajiotaj yaradaraq bu durumdan öz siyasi məqsədləri üçün istifadə etmək, milli birliyimizi pozmaq üçün hərəkətə keçib. İnanıram ki, vətəndaşlarımız bu qüvvələrə meydan verməyərək, cənab Prezidentin ətrafında sıx birləşməkdə davam edəcək!"

Top