Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması qaydası dəyişdi

19 May 2020

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

Heftelik.az-ın məlumatına görə, qərara əsasən, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.

BUNA DA BAX: Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişdi

 

Qüvvədə olan Qaydalara əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:

- birinci mərhələdə şagirdlərə tədris dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir.

 

 Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır;

 - ikinci mərhələdə şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir.

Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

Dəyişikliyə əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.

 

Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saat olacaq.

Qüvvədə olan qərara əsasən, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir.

Dəyişikliyə əsasən, şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqə olacaq. Eyni zamanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının hər hansı bir mərhələsində iştirak etməyən şagirdin yekun qiymətləndirilməsinin (attestasiyası) aparılmadığı barədə müddəa da ləğv olunub.

 

2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını verməəcəklər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçiriləcək.

 Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Şərh vermək üçün giriş edin
Top