İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlara - GÜZƏŞT

22 Yanvar 2021

Milli Məclisə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə daxil olub.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

BUNA DA BAX: Repetitor xidmətləri bu tarixdən bərpa olunur - Nazir aydınlıq gətirdi

Komitə sədri deyib ki, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə gəlib: “Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu da müharibənin doğurduğu zərurətdir. Müharibəyə gedən doktorantlarla bağlı qanuna bu dəyişiklik ediləcək. Çünki bəzi doktorantlar Vətən müharibəsində iştirak ediblər. Qanuna təklif edilən dəyişiklik onlara da bu möhlət imkanını verəcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər. Bu olduqca humanist qanun layihəsidir. Əvvəllər bu möhlət rezidenturada oxuyanlara, bakalavrlara verilirdi”.  

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

Xatırladaq ki, qanun layihəsi komitənin yanvarın 26-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Top