Fevralın 24-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində “Planetimizin qoruyucusu” mövzusunda tədbir keçirilib.
Heftelik.az-ın xəbərinə görə, təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunmasıdır. Ramiz Cürənov layihə dövründə hazırlanan “Planetimizin çətiri” mövzusunda araşdırma yazı barədə məlumat verib.
Qeyd edək ki, Ozon təbəqəsi iki zonada – troposfer və stratosferdə özünü göstərir və stratosferin 20-40 km hündürlüyündə yerləşir. Əgər bu təbəqə yer səthində olsaydı, qalınlığı cəmi 3 mm olardı. Yəni bu, çox nazik qatdır.
Ozon qatı planetdəki həyat üçün zəruri təsirlərə malikdir.
Yer səthi günəşin şüalandırdığı elektromaqnit dalğaları, eyni zamanda onun buraxdığı yüklü zərrəciklər seli ilə üzləşir. Əgər ozon təbəqəsi olmasaydı, yüksək tezlikli şüalanma, o cümlədən ultrabənövşəyi şüalar canlıların yaşaması üçün mümkün olmayan şərait yaradardı. Sərt ultrabənövşəyi şüalar ozon tərəfindən udulmasa, yerdə heç bir canlı qala bilməz . Çünki bu şüalar orqanizm üçün son dərəcə təhlükəlidir.
Beləliklə, ultrabənövşəyi şüaların təsiri nəticəsində yuxarı təbəqədə olan oksigen atomlara parçalanır, bunlar digər molekullarla toqquşaraq ozon molekulunu yaradırlar. Ozonun əsas xüsusiyyəti ultrabənövşəyi şüaları udması və yer səthinə gəlməsinə imkan verməməsidir.
Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8 dərəcəyə qədər artması “Qlobal istiləşmə” problemi yaradıb. Yer kürəsinə düşən ultrabənövşəyi şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə okean sularının səviyyəsi 15-17 sm artıb. Ozon təbəqəsinin nazikləşməsinin mənfi təsirləri qlobal istiləşmə və iqlim dəyişmələrindən də kəskindir. Bu daha dəhşətli ola bilər, çünki sərt ultrabənövşəyi şüalar ozon tərəfindən udulmasa, yerdə heç bir canlı qala bilməz.
Ozon qatının dağılması həmçinin müxtəlif xəstəliklərin yaranmasına və artmasına səbəb olur. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Stratosferdə ozonun ümumi miqdarının çox olması həyat üçün nə qədər effektli hesab olunursa, troposferdə ozonun miqdarının artması canlı orqanizm üçün bir o qədər zərərlidir.
Təxminən 1970-ci ildən stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. 1970-ci ildən başlayaraq stratosfer ozonun – Antarktika üzərindəki ozon təbəqəsinin miqdarının qlobal azalmasını Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu müşahidə edib. Müşahidələrə görə Antarktika üzərində ozon təbəqəsində əmələ gələn ozon qatının çox aşağı konsentrasiyalı zonası ölçüləri son illərdə Afrika qitəsinin sahəsinə müvafiq olub.
Araşdırmaçı jurnalist, APA İnformasiya Agentliyinin redaktoru Vüqar İsmayıl ozon qatı üçün təhlükələrdən danışıb. Bildirib ki, Tərkibində freon, xlor, bromun çoxluq təşkil etdiyi qazlar əsas ozondağıdıcı maddələr hesab olunur və belə maddələrdən istifadənin azaldılması ozon qatının qorunmasında mühüm rol oynayır. Məsələn, freon qazı genişlənəndə kəskin soyuduğu üçün ondan soyuducu, kondisionerlərdə geniş istifadə olunur. Lakin onun tərkibindəki flor və xlor atmosferə atılanda yavaş-yavaş yuxarı qalxır və stratosfer təbəqəsində günəş şüaları ilə rastlaşanda oksigen atomu kimi bölünür. Nəticədə atom şəklində xlor yaranır. Bu da ozonla toqquşanda təbəqəni dağıdır, nəticədə bu qat zəifləyir.
Stratosfer ozonunu ayıran əsas səbəblər sırasında sənaye qazlarının emissiyasıdır. Bu qazlara klorofluorokarbonlar (CFC) və azot oksidləri (NOx) və hidroflorokarbonlar (HFC), florlu hidrokarbon (PFC) və kükürd heksaflorid (SF)6), sənaye proseslərində istifadə olunan metil xloroform və yanğınsöndürmədə istifadə olunan halon daxildir.
Avtomobillər, sənaye müəssisələri atmosferə zəhərli qazlar buraxırlar. Məsələn, azot-dioksid isti havada – günəş şüalarının artdığı zaman parçalanır və azot-oksid yaranır. Bu zaman həm də oksigen ayrılır, o da digər oksigen molekulları ilə toqquşaraq azot yaradır. Xüsusən yay aylarında qazların konsentrasiyasının çox olduğu yerlər insan orqanizmi üçün son dərəcə ziyanlıdır. Bu qazlar insanın ağciyərini məhv edir.
Sənaye müəssisələrinin suları çirkləndirməsi oksigen istehsalı kimi ozon qatının saxlanılması üçün həlledici proseslərə də təsir göstərir.
Günümüzdəki kənd təsərrüfatı ozon qatını birbaşa və dolayı təsir edən kimyəvi maddələrin istifadəsindən çox asılıdır. Metil bromid kimi ozon təbəqəsini məhv edən pestisidlərin istifadəsini bu aspektdə qeyd etmək lazımdır.
Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Ulduzlu yaya qədər orta en dairələr üzərində ozonun konsentrasiyası da yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.
Ozon təbəqəsinin dağılması səbəbləri sırasında antropogen amillərin rolu xüsusi qeyd olunur. Bu təbəqənin nazikləşməsi təhlükəsi ilk dəfə Antarktida üzərində müşahidə edilib. Tədqiqatlar göstərir ki, payızda planetin cənub yarımkürəsində Antarktida üzərindəki ozon qatında ölçüləri Afrika qitəsinin sahəsinə bərabər “deşik” əmələ gəlir. Qış vaxtı soyuq və qaranlıq hava şəraitində atmosferdə qütb stratosfer dumanları əmələ gəlir. Bu zaman təsirsiz xlor günəş işığı altında ozonla kimyəvi reaksiyaya girərək ozon qatını aşılamayan maddəyə çevrilir. Bunun nəticəsində də yazda günəş güclənir. Antarktida stratosferinin yetərincə qızdığı və beləcə də onu dünyadan təcrid edən qütb stratosfer buludlarını dağıtdığı vaxt “deşik” yenidən yox olur. Nazikləşmə ən çox 15-30 kilometr hündürlüklərdə baş verir ki, burada ozonun konsentrasiyası yüksək olur.
Təkcə freon qazı deyil, 12-13 kilometr yüksəklikdə uçan təyyarələrin buraxdığı qazlar, süni peykləri orbitə çıxarmaq üçün buraxılan raketlər, atmosferdə karbon qazının artması da ozon təbəqəsinin zəifləməsinə səbəb olur.
Qeyd edək ki, ozon qatının miqdarı dobson vahidi ilə ölçülür. Yer kürəsində ozonun orta miqdarı təxminən 300 dobsondur. Müxtəlif coğrafi sahələrdə onun qiyməti 230-500 dobson vahidi arasında dəyişir.
Araşdırmaçı jurnalist Elxan Salahov qlobal istiləşmə, quraqlı və ozan qatı ilə bağlı problemlərin qarşılıqlı əlaqəli olduğunu söyləyib. Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yönündə atılan addımların Azərbaycanın həm də planetin ekoloji tarazlığının qorunması istiqamətində atılan addım kimi dəyərləndirib.
Tədbirdə qeyd edilib ki, ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə elan olunub. Protokolda iştirakçılar tərəfindən öhdəlik götürülmüş hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunub. Beynəlxalq Ozon Qatının Qorunması Gününün qeyd olunmasında əsas məqsəd Yer kürəsindəki canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən ozon təbəqəsinin təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.
Azərbaycan “Ozon qatının qorunması haqqında Vyana Konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Ölkəmiz beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, “yaşıl iqtisadiyyat”a mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən-ilə azaldılmasına, nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı məlumatlardan aydın olur ki, Azərbaycanda görülmüş tədbirlər nəticəsində ozondağıdıcı maddələrdən (ODM) istifadə azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernizasiyası, texnoloji yeniliklərə əsaslanan müasir soyuducu və kondensionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Hazırda Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azaldılıb.
Monreal protokolunun həyata keçirilməsi nəticəsində soyuducularda, kondisionerlərdə və digər məhsullarda ozonu məhv edən kimyəvi maddələr 99 faiz azalıb.
Ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, görülən tədbirlər nəticəsində 2000-ci ildən bəri ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa olunacaq.
Təbdir müzakirələrlə davam edib.