Yaşadığımız dünyada elmin və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də cəmiyyətdə keçmişdən qalan və bəzi hallarda da mentalitet kimi izah olunan problemlər var. Söz yox ki, keçmiş dəyərlərin qorunması, milli kimliyin yaşadılması milli adət və ənənələrin qorunub gələcək nəsillərə ötürülməsi, milli kimliyimiz və gələcəyimiz üçün vacib amillərdəndir.

Bununla belə etiraf etməliyik ki, cəmiyyətimizdə bu gün xoşagəlməz və bir çox hallarda cəmiyyəti inkişafdan saxlayıb, cahilliyə sürükləyən amillər də olmamış deyil. Bəzən belə neqativ hallar “milli mentalitet” adı altında sığortalamağa çalışsalar da, əslində bu hallar heç də mentalitet dəyərləri ilə də uyuşmur.
Azərbaycan cəmiyyətində yeni qurulan ailələrin bəzən qısamüddətli olması və dağılması kimi hallar bu faktorların rol oynadığı da istisna deyil. Bu problemlərin səbəblərini araşdırarkən bəzən ortaya maraqlı nəticələr də çıxır.

Bu xüsusi ilə də boşanma proseslərində daha da aydın şəkildə nəzərə çarpır.
Azərbaycan cəmiyyətində baş verən köklü, əsaslı dəyişikliklər insanların şəxsi münasibətlərinə, eləcə də ailə münasibətlərinin formalaşmasına da öz təsirini göstərməkdədir.

Bunun isə bir sıra sosial-psixoloji əsasları vardır. Cəmiyyətdə baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərsə də, digər tərəfdən də mənəvi əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyətdə baş verən dəyişikliklər bir tərəfdən cəmiyyətimizin dünyaya inteqrasiyanı tələb etsə də, digər tərəfdən milli xüsusiyyətlərin qorunması və inkişaf etdirilməsini tələb edir.
Ailədaxili münasibətlər problemi bütün dövrlərdə müxtəlif ölkələrdə, daim diqqət mərkəzində olan problemlərdəndir. Çünki ailə – cəmiyyətin əsası kimi çox vacib olan bir sıra sosial funksiyaları həyata keçirir.

Ailənin mürəkkəb quruluşa malik olması ilə yanaşı, bir faktı da qeyd etmək lazımdır ki, burada fərdlərin münasibətləri də rol oynayır. Eləcə də burada müxtəlif cəmiyyətlərin, xalqların, etnosların bir-birinə inteqrasiyasının da rolu var. Yəni-ictimai münasibətlərin ailədaxili münasibətlərə təsirinin öyrənilməsi üçün cəmiyyətlər üçün ümumi olan cəhətlərlə yanaşı xüsusi olan məqamları da nəzərə almaq lazımdır.

Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər, iqtisadi amil –  işsizlik, həyat səviyyəsinin, yoxsulluğun həddindən aşağı olması, ailənin və ya onun üzvlərindən birinin qeyri-sağlam həyat tərzi, zorakılıq, hədsiz qısqanclıq, mənəvi dünya görüşün məhdud olması və başqalarıdır.
Ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyətində iqtisadi amil daha çox rol oynayırdı. Belə ki, ailələr qızlarını daha çox varlı, yaşlı kişilərə verməyə maraqlı idilər və bu, bir növ xalqın yaddaşında “Məşədi İbad” obrazı ilə fenomenləşmişdi. Çox maraqlıdır ki, elmin və texnologiyanın inkişaf etdiyi 21-ci əsrdə də bu fenomen öz qüvvəsini saxlayır. Sadəcə indi valideynlər deyil, qızların ailə qurarkən seçimi varlı və imkanlı kişilərlə bağlı olur. “Məşədi İbad” seçimi ilə qurulan ailələrin normal şəkildə davam etməsi ehtimalı isə əksər hallarda yoxdur və sonda bu cür ailələr ya dağılır, ya da hansısa kriminal olayların motivinə çevrilir.
Qeyd edək ki, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri olduğu kimi, adət-ənənələrə münasibətləri və yanaşmaları da fərqlidir. Azərbaycan və digər müsəlman ölkələrində qızların üzərində ailə qurana qədər özlərini qorumaq və ya “bəkarət” anlayışı ilə bağlı həm ailə, həm də cəmiyyətin boyük təzyiqi var. Azərbaycana qonşu olan ölkələrində isə bu məsələlərin heç bir əksəriyyəti yoxdur və həmin cəmiyyətlərdə bu heç ictimai təzyiq vasitələri sırasında da deyil.
Bəzi hallarda ailələrin dağılmasını tərəflər məhkəmədə “həyat yoldaşımın geyimi ətrafdakıların xoşuna gəlmirdi”, “dəfələrlə həyat yoldaşıma demişdim ki, başqaların yanında mənimlə bir az ciddi davransın”, “həyat yoldaşının valideynlərimin fikirləri ilə razılaşmırdı” və s. kimi “bizə pis baxdılar və ya pis baxa bilərdilər”-  kimi ictimai münasibətlərdən doğan neqativlərlə izah edirlər.
Bu vaxta qədər aparılan statistik göstəricilərə görə nəinki Azərbaycanda, hər il dünyada baş verən ailə münaqişələri və boşanmaların böyük əksəriyyəti ailənin ictimai münasibətlərdən aldığı zərbələrlə bağlı olur.  Yəni tək Azərbaycanda deyil, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə ictimai münasibətlərin  bu və ya digər şəkildə elə ailə münasibətləri olur. Buna ən çox parlaq nümunə kimi Böyük Britaniya və Birləşmiş Krallıqda kral ailələrində yaşananları göstərə bilərik. Şahzadə Diananın ölümündən əvvəl ailə daxilində həyat yoldaşı  və qaynanası II Yelizaveta ilə yaşadığı münaqişələrin ictimai müzakirəyə çıxarılması ilə illərdir ki, bu ailə ətrafındakı müzakirələr səngimir. Baxmayaraq ki, artıq ailədə və hakimiyyətdə dəyişikliklər belə olub, kral ailəsi ətrafında gedən ictimai müzakirələr bu gün də belə davam edir. Başqa sözlə desək, kənar şəxslərin, toplum halında isə ictimai münasibətlərin ailə daxilinə keçməsi ailənin bu və ya digər şəkildə daxilində ciddi problemlərə yol aça bilir.

İctimai müzakirələrin ailələrə müsbət təsirlər də ola bilir. Məsələn, erkən nikahla ailə qurmuş qadınların üzləşdiyi zorakılıqlar və fiziki şiddətin media və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən gündəmə gətirilməsi bir çox hallarda öz müsbət nəticəsini verib.

Fiziki və mənəvi zorakılıqlar ortadan qaldırılıb. Həmin təzyiqlərə məruz qalan insanlar isə müvafiq dövlət qurumlarının və təşkilatların dəstəyi ilə adaptasiya prosesi keçərək, ölkəmizin psixoloji vəziyyətinin normallaşmasına nail ola biliblər.
Qeyd edək ki, ictimai münasibətlərin ailəyə təsirini daha çox uşaqlar hiss edir. Ailənin bu və ya digər məsələ ilə bağlı ictimai qınağa və ya müzakirəyə çıxarılması həmin ailədə böyüyən uşaqların psixoloji vəziyyətinə  təsirsiz ötüşmür.

Əksər hallarda isə uşaqların yaddaşında ciddi travma da yaradır. Odur ki, ictimai münasibətlərin ailəyə təsirlərindən danışanda bu kimi yaradacaq müsbət və mənfi amillər də ciddi şəkildə nəzərə alınmalıdır.

Həmçinin bu istiqamətdə vətəndaşlar arasında davamlı olaraq maarifləndirmə tədbirləri aparılmalıdır. Vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və medianın qarşılıqlı əməkdaşlığı bu sahədə öz müsbət effektini verə bilər.

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.